SOCAR Azərbaycanda həyata keçirilməsi planlaşdırılan ilk fasiləsiz enerji layihəsində iştirak etməkdə maraqlıdır. Bu barədə şirkətin vitse-prezidenti Əfqan İsayev Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, enerji saxlama texnologiyaları arasında vanadium batareyalarının tətbiqi xüsusi maraq doğurur. SOCAR Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və "Azərenerji" ASC ilə birgə bu texnologiyaların ölkənin elektrik şəbəkəsinə inteqrasiyası imkanlarını araşdırmağa ümid edir.
Ə. İsayev qeyd edib ki, şəbəkəformalaşdırıcı invertorlar enerji sisteminə əlavə çeviklik qazandırmaqla onun dayanıqlığının artırılmasına kömək edə bilər. Bu texnologiyanın enerji şəbəkəsinin etibarlılığı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
SOCAR vitse-prezidenti həmçinin sənaye parklarının yerləşdiyi və mövcud şəbəkəyə qoşulma imkanlarının məhdud olduğu ərazilərdə mikroşəbəkələrin yaradılmasının perspektivli olduğunu bildirib. Onun sözlərinə görə, "Masdar" və "Arge" şirkətlərinin Azərbaycanda ilk fasiləsiz enerji layihəsini inkişaf etdirməsi nəzərdə tutulur və SOCAR bu təşəbbüsdə iştirak etməkdə maraqlıdır.
Ə. İsayev mikroşəbəkələrin ölkənin enerji infrastrukturunun inkişafında növbəti mərhələ ola biləcəyini qeyd edib.
https://report.az/energetika/socar-ilk-fasilesiz-enerji-layihesinde-istirak-etmekde-maraqlidir