XƏBƏRLƏR

BP AÇG-də dərin laylardan neft hasilatı üçün yeni quyu istismara verib

NOYABR 04, 2026

“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun operatoru BP dərin laylarda yerləşən neft ehtiyatlarının işlənməsi məqsədilə yeni hasilat quyusunu istismara verib.

Quyu “Dərinsulu Günəşli” platformasından qazılıb və sərbəst qaz ehtiva edən laylardakı neft ehtiyatlarının işlənməsinə yönəlib.

Şirkətin məlumatına görə, “Dərinsulu Günəşli” platformasından həmin laylarda neft hasilatı üçün qazılan quyu 2026-cı ilin üçüncü rübünün sonunda plana uyğun olaraq istismara verilib. Bu quyudan, həmçinin layların gələcəkdə işlənməsi imkanlarını qiymətləndirmək üçün əlavə məlumatların əldə olunması gözlənilir.

Quyunun dərinliyi və hasilat göstəriciləri açıqlanmayıb.

BP 2025-ci ildə qazılmış ilk qaz hasilatı quyusu vasitəsilə Qırmakıaltı Qumlu lay dəstəsindən sərbəst qaz hasilatını da davam etdirir.

Həmin quyu hazırda işlənilən neft yataqlarından daha dərində yerləşən iki prioritet lay kompleksinə istiqamətləndirilib. Bunlar nisbətən dayazda yerləşən Qırmakıüstü Qumlu və daha dərində olan Qırmakıaltı Qumlu lay dəstələridir. Qazma işləri nəticəsində birinci lay kompleksində qaz ehtiyatlarının mövcudluğu təsdiqlənib, ikinci kompleksdə isə yüksək təzyiqli qaz aşkar edilib.

Quyudan hasil olunan qaz və kondensat mövcud AÇG infrastrukturu vasitəsilə Səngəçal terminalına nəql edilir. İlkin hasilatla yanaşı, quyuda və laylarda sınaq işləri də davam etdirilir.

Qeyd edək ki, AÇG-də sərbəst qazın kommersiya hasilatına 2026-cı ilin birinci yarısında başlanılıb.

 

https://report.az/energetika/bp-acg-nin-derinde-yerlesen-laylarindan-neft-hasilati-ucun-quyu-istismara-verib