Report xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) bildirib.
Onun sözlərinə görə, region hazırda mühüm dəyişikliklər mərhələsindən keçir. Nazir müavini qeyd edib ki, Azərbaycan tarixdə ilk dəfə C5+ formatında – Mərkəzi Asiya ölkələrinin enerji nazirlərinin toplantısında xüsusi qonaq və Məşvərət Şurasının üzvü kimi iştirak edib. Onun sözlərinə görə, bu, formatın faktiki olaraq C6 səviyyəsinə genişlənməsi deməkdir.
O.Zeynalov bildirib ki, bu çərçivədə enerji əlaqələri, müxtəlif layihələr, regionlararası transsərhəd ötürmə təşəbbüsləri və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq imkanları nəzərdən keçirilə bilər. O vurğulayıb ki, Azərbaycan tarixdə ilk dəfə Mərkəzi Asiya ilə enerji sahəsində yeni bağlantı yaradır. Söhbət Transxəzər Yaşıl Enerji dəhlizindən gedir. Nazir müavini qeyd edib ki, hətta Sovet dövründə belə Mərkəzi Asiya ilə Azərbaycanın enerji sistemləri arasında bu cür əlaqə mövcud olmayıb.
O.Zeynalovun sözlərinə görə, Transxəzər Yaşıl Enerji dəhlizi uzun müddətdir reallaşdırılması gözlənilən digər layihələrə də yeni təkan verə bilər. O, buna Qazaxıstandan mümkün tranziti nümunə göstərib və bu istiqamətdə konsorsium səviyyəsində işlərin davam etdiyini bildirib.
Nazir müavini əlavə edib ki, Türkmənistanın “yaşıl enerji” resurslarının potensial tranziti də bu prosesin bir hissəsi ola bilər. Onun fikrincə, sözügedən elektrik enerjisi ötürmə layihəsi Azərbaycanla Mərkəzi Asiya arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yarada bilər.
https://report.az/energetika/turkmenistan-yasil-enerji-ni-transxezer-yasil-enerji-dehlizi-vasitesile-ixrac-ede-biler