"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Naxçıvanın elektrik enerjisinə olan tələbatının tamamilə “yaşıl mənbələr” hesabına təmin ediləcəyi günlər artıq uzaqda deyil. Elnur Soltanov bunu Azərbaycan üçün mühüm göstərici kimi qiymətləndirib. O qeyd edib ki, Şərqi Zəngəzur və Qarabağdan sonra Naxçıvan ölkədə elektrik enerjisinin tam şəkildə “yaşıl mənbələr”dən əldə ediləcəyi ikinci region olacaq.
Nazir müavini bildirib ki, Naxçıvanda istehsal olunan “yaşıl enerji”nin daxili tələbatdan artıq olan hissəsinin Azərbaycanın digər bölgələrinə ötürülməsi və ya xarici ölkələrə ixracı nəzərdə tutulur. Onun sözlərinə görə, bu perspektiv “yaşıl dəhlizlər”lə bağlı investorlarla aparılan müzakirələr üçün də əlavə imkanlar yaradır.
Elnur Soltanov, həmçinin, Azərbaycanın hazırda dörd “yaşıl enerji dəhlizi” üzərində çalışdığını diqqətə çatdırıb. Bunlara Xəzər–Qara dəniz–Avropa, Azərbaycan–Naxçıvan–Türkiyə–Bolqarıstan, Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa və Azərbaycanı Mərkəzi Asiya ilə birləşdirəcək yaşıl enerji dəhlizləri daxildir.
Nazir müavini vurğulayıb ki, bu layihələr vahid və bütöv enerji strategiyasının tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Onun sözlərinə görə, yaxın gələcəkdə Azərbaycanda istehsal olunacaq “yaşıl elektrik enerjisi” yalnız ölkənin daxili tələbatını ödəməklə məhdudlaşmayacaq, eyni zamanda digər ölkələrə “yaşıl enerji” ixracı üçün yeni imkanlar yaradacaq.
https://report.az/energetika/naxcivan-azerbaycanda-butun-elektrik-enerjisini-yasil-menbeler-den-alacaq-ikinci-region-olacaq