XƏBƏRLƏR

EBRD: Azərbaycanın xalis enerji ixrac gəlirləri ÜDM-in 3,9 %-i qədər yüksəlib

SENTYABR 24, 2026

"Report" xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) "Regional iqtisadi perspektivlər" hesabatının sentyabr buraxılışında məlumat verilib.

EBRD-nin məlumatına görə, xalis idxal xərclərində ən böyük artım Bosniya və Herseqovina ilə Şimali Makedoniyada qeydə alınıb. Artım müvafiq olaraq ÜDM-in 3 %-i və 2,3 %-i həcmində olub. Bu göstəricilər illik hesablamalar üzrə aprel-may aylarında qeydə alınmış qiymət məlumatlarına əsaslanır.

Hesabatda vurğulanır ki, Azərbaycan kimi xalis enerji ixracatçıları üçün bu təsir ixrac gəlirlərinin ölkə ÜDM-nin 3,9 %-i həcmində artması ilə nəticələnib.

Niderlandın ən böyük bank qrupu olan "ING Group"un "Report"a verdiyi məlumata görə, neftin bir barelinin qiymətində hər 10 ABŞ dolları məbləğində davamlı artım Azərbaycanın illik ixrac gəlirlərini təxminən 3 milyard ABŞ dolları, enerji sektorundan dövlət büdcəsinə daxilolmaları isə təxminən 1,5 milyard ABŞ dolları artırır.

 

https://report.az/energetika/ebrd-azerbaycan-ixrac-gelirlerini-udm-in-3-9-i-qeder-artirib