“Report” xəbər verir ki, Ərdoğan Nyu-Yorkda ABŞ-ın işgüzar dairələrinin nümayəndələri ilə görüşündə Türkiyə ilə ABŞ arasında enerji, aviasiya və digər strateji əhəmiyyətli sahələrdə mühüm razılaşmaların əldə edildiyini bildirib.
Ərdoğan Türkiyə ilə ABŞ arasındakı iqtisadi əlaqələrin yalnız ticarət göstəriciləri əsasında qiymətləndirilməsinin düzgün olmadığını qeyd edib. Onun sözlərinə görə, iki ölkə arasında yeni iqtisadi əməkdaşlıq modelinin formalaşdırılmasına ehtiyac var.
Türkiyə Prezidenti həmin istiqamətlərdən birincisinin təchizat zəncirlərinin yenidən qurulması olduğunu deyib. O qeyd edib ki, şirkətlər artıq yalnız ən aşağı xərcli deyil, eyni zamanda daha etibarlı imkanlar axtarırlar.
O, ikinci əsas istiqamətin enerji marşrutlarının yenidən qurulması olduğunu bildirib. Türkiyə Prezidenti bu kontekstdə Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri və Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinə diqqət çəkib.
Üçüncü istiqamətin ticarət dəhlizlərinin dəyişməsi olduğunu bildirən Ərdoğan Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizin, eləcə də Fars körfəzi ölkələrini Avropa ilə əlaqələndirən marşrutun Türkiyədə kəsişdiyini vurğulayıb.
“Çətin coğrafi şəraitdə fəaliyyət göstərmək təcrübəsinə malik Türkiyənin podrat sektoru bu prosesin ən hazırlıqlı iştirakçısıdır”, – deyə Ərdoğan qeyd edib.
Ərdoğanın fikrincə, qeyd olunan bütün istiqamətlər üzrə ABŞ biznesi ilə Türkiyə arasında səmərəli əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
https://report.az/energetika/erdogan-btc-ve-tanap-enerji-resurslarinin-fasilesiz-neqli-ucun-etibarli-dehlizlerdir