Azərbaycan və Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) enerji sektorunda standartlaşdırma üzrə əməkdaşlığı müzakirə ediblər. Bu barədə "Report" Azərbaycanın Energetika Nazirliyinə istinadən xəbər verir.
Müzakirələr energetika naziri Pərviz Şahbazov ilə Beynəlxalq Elektrotexnika Komissiyasının (IEC) baş katibi və icraçı direktoru Filip Metzger arasında keçirilən görüşdə aparılıb.
Görüşdə Azərbaycanın IEC-də assosiativ üzvlüyü çərçivəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin enerji keçidi, elektrikləşmə, bərpa olunan enerji, enerji səmərəliliyi və yeni texnologiyalar sahələrində beynəlxalq standartların tətbiqi məsələlərinə diqqət yetirilib.
IEC-nin baş katibi Azərbaycanın qlobal enerji və iqlim gündəliyində artan rolunu, xüsusilə COP29 sədrliyi dövründə iqlim dəyişikliyi ilə mübarizə üzrə irəli sürülən təşəbbüsləri yüksək qiymətləndirib. Qeyd olunub ki, Azərbaycanın cari ildən təşkilata assosiativ üzv olması yeni əməkdaşlıq imkanları yaradır. IEC elektrotexnika, elektronika, təmiz enerji və enerji səmərəliliyi sahələrində standartlaşdırma və uyğunluq qiymətləndirilməsi üzrə Azərbaycana dəstək göstərməyə hazır olduğunu bildirib.
Energetika naziri Azərbaycanda enerji keçidi çərçivəsində həyata keçirilən islahatlar, bərpa olunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi barədə məlumat verib. Enerji sektorunda normativ-hüquqi bazanın beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin COP29 çərçivəsində başladılan enerji təşəbbüslərinin irəli aparılması istiqamətində davam edən səylər vurğulanıb. Enerji sektoru layihələrində müasir texnologiyaların tətbiqi zamanı IEC-nin texniki ekspertizasından və standartlaşdırma mexanizmlərindən istifadənin vacibliyi qeyd olunub.
Bildirilib ki, elektrikləşmə qlobal enerji sisteminin və iqtisadiyyatın gələcək inkişafını formalaşdıran əsas tendensiyalardan birinə çevrilir. Bu baxımdan təkcə yeni enerji güclərinin inkişafının vacibliyinə deyil, həm də elektrik enerjisinin ötürülməsi, mübadiləsi və istehlakçılara çatdırılması üçün müasir infrastrukturun zəruriliyinə diqqət çəkilib. Bu kontekstdə "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi barədə fikir mübadiləsi aparılıb.
Həmçinin Milli Elektrotexnika Komitəsi və müvafiq texniki işçi qrupları vasitəsilə IEC ilə əməkdaşlığın genişləndirilməsinin, eləcə də Azərbaycan mütəxəssislərinin standartların hazırlanması prosesində daha fəal iştirakının təmin edilməsinin vacibliyi vurğulanıb.
13:03
Azərbaycan və Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) assosiativ üzvlük çərçivəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. Bu barədə "Report"a energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.
"Beynəlxalq Elektrotexnika Komissiyasının (IEC) baş katibi və icraçı direktoru Filip Metzger ilə görüşdə Azərbaycanın IEC-də assosiativ üzvlüyü çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə etdik", – deyə Şahbazov qeyd edib.
Nazirin sözlərinə görə, tərəflər enerji keçidi, elektrikləşmə və enerji səmərəliliyi sahələrində beynəlxalq standartların qəbulu və tətbiqi, yaşıl enerji dəhlizləri boyunca innovativ texnologiyaların yerləşdirilməsi və Azərbaycan mütəxəssislərinin IEC beynəlxalq standartlarının hazırlanmasında fəal iştirakının artırılması barədə fikir mübadiləsi aparıblar.
https://report.az/energetika/azerbaycan-iec-ile-emekdasligin-genislendirilmesini-muzakire-edib