Azərbaycan Almaniya Enerji Həlləri Təşəbbüsünün prioritet bazarlar siyahısına daxil edilib. Bu barədə "Report" Bərpa Olunan Enerji Akademiyasının (RENAC AG) Beynəlxalq Biznes və Ticarətin Təşviqi üzrə Departament Direktoru Laura Şarlaxın "Azərbaycanda İnfrastrukturun İnkişafı, Elektromobillik və Bərpa Olunan Enerji Saxlama Həlləri" vebinarındakı çıxışına istinadən xəbər verir.
Onun sözlərinə görə, təşkilat bu təşəbbüslə iyirmi ildən çoxdur ki, əməkdaşlıq edir və əsas məqsədi Almaniyanın kiçik və orta sahibkarlıq subyektlərinə qabaqcıl enerji texnologiyalarından istifadə edərək yeni bazarlara daxil olmaqda kömək etməkdir.
"Fəaliyyətimiz Kanadadan Sakit Okean adalarınadək geniş coğrafiyanı əhatə edir. Əsas missiyamız bir tərəfdən Almaniyanın kiçik və orta sahibkarlıq subyektlərini dəstəkləmək, digər tərəfdən isə qlobal iqlim qorunmasına töhfə verməkdir. Layihə başlandığı gündən Almaniyanın İqtisadiyyat və İqlim Fəaliyyəti üzrə Federal Nazirliyi tərəfindən maliyyələşdirilir. Fəaliyyət dairəmiz enerji istehsalından tutmuş yaşıl hidrogen, geotermal texnologiyalar, enerji infrastrukturu və enerji səmərəliliyinin artırılmasınadək geniş spektri əhatə edir. Həm Azərbaycan, həm də Mərkəzi Asiya dövlətləri 2026 və 2027-ci illər üçün hədəf bazarların siyahısına daxil edilib", – deyə Şarlax bildirib.
O qeyd edib ki, təşkilat dünyanın 80-dən çox ölkəsində fəaliyyət göstərir və müxtəlif regionlarda təxminən 150 layihə həyata keçirir.
"Biz Şərqi Avropa, Mərkəzi Asiya və təbii ki, Azərbaycandakı işimizə də böyük əhəmiyyət veririk. Əvvəlki illərdə biz artıq ticarət palatası ilə əməkdaşlıq edərək Azərbaycana işgüzar nümayəndə heyətlərinin səfərlərini təşkil etmişik", – deyə o əlavə edib.
Şarlax dekabr ayında Almaniyanın infrastrukturun inkişafı, elektrik nəqliyyatı və bərpa olunan enerji saxlama texnologiyaları sahəsində əməkdaşlıq imkanlarını araşdırmaq üçün Bakıya işgüzar nümayəndə heyəti göndərməyi planlaşdırdığını xatırladıb.
https://report.az/energetika/renac-ag-azerbaycan-almaniyanin-enerji-sirketleri-ucun-prioritet-bazara-cevrilecek