XƏBƏRLƏR

BTC kəməri ilə bu günədək ixrac olunmuş Azərbaycan neftinin həcmi açıqlanıb

MAY 26, 2026

Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəməri ilə istismara verildiyi gündən bu yana təxminən 556 milyon ton Azərbaycan mənşəli neft daşınıb. Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

BTC kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsindən 21 il ötür.

Cari ilin yanvar-aprel aylarında Azərbaycan BTC kəməri ilə 8 milyon 389,5 min ton neft nəql edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,9% azdır.

Həmin dövrdə BTC ilə daşınan neftin 82,4%-i (6 milyon 914,7 min ton) Azərbaycanda istehsal olunan neft, 17,6%-i (1 milyon 475,2 min ton) isə Türkmənistan və Qazaxıstandan gələn neft olub. Azərbaycan neftinin nəqli illik müqayisədə 10,6%, Türkmənistan və Qazaxıstandan daxil olan neft isə 6,8% azalıb.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycanın “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də BTC vasitəsilə nəql olunur.

AÇG-də səhmlər aşağıdakı kimi bölüşdürülüb: BP (30,37%), SOCAR (31,65%), MOL Group (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%) və ONGC Videsh Limited – OVL (2,92%).

https://report.az/energetika/btc-kemeri-ile-indiyedek-ixrac-edilen-azerbaycan-neftin-hecmi-aciqlanib