BP şirkəti ilk dəfə olaraq “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağında çoxlüləli quyu (MLT) texnologiyasını uğurla tətbiq edib. Bu barədə “Report”a yatağın işlənməsi layihəsinin operatoru “BP‑Azerbaijan” şirkətindən məlumat verilib.
Bildirilib ki, bu, Xəzər dənizinin ən uzun müddət istismarda olan yataqlarından birində neftverim əmsalını maksimuma çatdırmaq və hasilatın uzunmüddətli davamlılığını təmin etmək yolunda mühüm addımdır.
MLT texnologiyasının tətbiqi AÇG yatağının mürəkkəb geoloji quruluşunda qazma işlərinin texniki çətinliklərini aradan qaldırmaqla yanaşı, platformalarda mövcud quyu şaxtalarının məhdudluğu probleminin həllinə də kömək edir. Bu texnologiya bir quyu lüləsindən laya bir neçə nöqtədən giriş imkanı yaratmaqla layla təması genişləndirir, drenaj səmərəliliyini artırır və mövcud infrastrukturdan maksimum faydalanmağa şərait yaradır.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bildirib ki, yeni texnoloji yanaşma BP-nin AÇG yatağında hasilatın azalma tempinin idarə edilməsi strategiyasının əsasını təşkil edir. “Bu yanaşma həm kapital səmərəliliyini optimallaşdırmağa, həm də hasilatın uzunmüddətli dayanıqlığını təmin etməyə yardım edir. AÇG daha mürəkkəb və yetkin işlənmə mərhələsinə keçdiyi bir vaxtda MLT texnologiyası əlavə ehtiyatların çıxarılmasında və yatağın iqtisadi ömrünün uzadılmasında mühüm rol oynayacaq. Bu, AÇG-də ilk dəfə tətbiq etdiyimiz quyu konstruksiyasıdır və mövcud yataqlardan neftverim əmsalını maksimuma çatdırmaq üçün ən uyğun texnoloji həllərdən istifadə etmək öhdəliyimizi göstərir.”
O qeyd edib ki, gələcəkdə bu cür innovativ həllər hasilatın uzunmüddətli dayanıqlığını təmin etmək və əlavə dəyər yaratmaq baxımından mühüm rol oynayacaq. “MLT texnologiyası layla təması artırır, qazma qurğusunun məhsuldarlığını və əməliyyat səmərəliliyini yüksəldir, həmçinin mövcud infrastrukturdan ən effektiv şəkildə istifadə etməklə quyu şaxtalarının optimal istifadəsini təmin edir. Bu baxımdan, bu texnologiyanın tətbiqi AÇG-də quyuların qazılması və tamamlanması prosesində keyfiyyətcə yeni mərhələdir. Hesab edirik ki, bu texnologiya dünya miqyaslı yatağın istismar müddətini uzatmaqla yanaşı, enerji hasilatının təhlükəsiz, səmərəli və məsuliyyətli şəkildə davam etdirilməsi üçün ən təsirli yollardan biridir.”
İlk MLT quyusu olan C44 quyusu “Qərbi Azəri” platformasından qazılıb və artıq uğurla təhvil verilib. Bu, Xəzərdə bu günə qədər qazılmış ilk çoxlüləli quyudur və AÇG layihəsi üçün əlamətdar nailiyyətdir. Bu uğur MLT texnologiyasının AÇG-nin mürəkkəb lay şəraitində həm texniki cəhətdən tətbiq oluna biləcəyini, həm də yüksək iqtisadi səmərə verdiyini açıq şəkildə göstərir.
BP-nin quyular üzrə vitse-prezidenti Rassel Morris deyib ki, ilk MLT quyusunun qazılması və tamamlanması həm vaxt, həm də əmək təhlükəsizliyi baxımından yüksək göstəricilərlə yerinə yetirilib. “Quyu tam təhlükəsiz şəkildə, planlaşdırılandan bir ay əvvəl, qrafiki xeyli qabaqlayaraq təhvil verilib. Bu nailiyyət dəqiq planlaşdırma, yüksək səviyyəli icra və laydakı qeyri-müəyyənliklərin düzgün idarə olunmasının nəticəsidir.”
Onun sözlərinə görə, bu quyu eyni zamanda geologiya, qazma və tamamlama sahələrinin uğurlu inteqrasiyasının məhsuludur və əlaqələndirilmiş fəaliyyətin həm texniki, həm də kommersiya baxımından böyük səmərə verə biləcəyini nümayiş etdirir. “İlk MLT quyusu əldə olunmuş yüksək göstəriciləri ilə yanaşı, çoxlüləli quyu texnologiyasının bütün yataq üzrə daha geniş tətbiqi üçün biznes baxımından tam əsaslandırılmış güclü zəmin yaradır.”
AÇG-də texnologiyaların strateji tətbiqi çərçivəsində BP bütün yataq miqyasında çoxlüləli quyuların qazılması üçün geniş kampaniya həyata keçirməyi planlaşdırır. Bu kampaniya bu ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulan C44 və D41 quyuları da daxil olmaqla 2026-cı ildə üç MLT quyusu ilə başlayacaq. Uzunmüddətli perspektivdə 2027-2028-ci illərdə daha çox sayda çoxlüləli quyuların qazılması planlaşdırılır ki, bu da həmin texnologiyanın yatağın gələcək hasilatında mühüm rol oynayacağını bir daha vurğulayır.
AÇG-nin mürəkkəb layını xarakterizə edən müxtəlif çətinliklər yalnız MLT texnologiyası ilə həll edilə bilmədiyindən, yatağın işlənmə strategiyası hər bir konkret lay hədəfi üçün ən optimal texnoloji konfiqurasiyanın tətbiqinə əsaslanır və bununla da müxtəlif geoloji mühitlərdə yüksək icra səmərəliliyi təmin edilir. Bura MLT texnologiyasının üfüqi qazma, qabaqcıl geonaviqasiya, həmçinin qum təzahürü ilə mübarizə və axının tənzimlənməsi üçün ağıllı tamamlama sistemləri ilə birlikdə tətbiqi daxildir. Bu da bütün yataq üzrə neftverim əmsalını daha da artırmaq üçün geniş imkanlar yaradır.
https://report.az/energetika/bp-acg-yataginda-yeni-texnologiya-tetbiq-edib