XƏBƏRLƏR

Zəngəzurdan keçəcək enerji xətti Türkiyənin regional hab rolunu artıracaq

MAY 25, 2026

Zəngəzur üzərindən keçəcək yeni elektrik bağlantısı Xəzər regionunun enerji resurslarını Ermənistan üzərindən Naxçıvan vasitəsilə Türkiyəyə çatdıracaq və bu layihə Türkiyənin regional enerji habı rolunu daha da gücləndirəcək. Bu fikirləri energetika naziri Pərviz Şahbazov “2-ci İstanbul Təbii Sərvətlər Zirvəsi” çərçivəsində keçirilən “Dəyişən Qlobal Mənzərədə Enerji Təhlükəsizliyi: Bağlantılar və Əməkdaşlıq” mövzusunda nazirlər sessiyasında çıxışı zamanı söyləyib. “Report” Energetika Nazirliyinə istinadən xəbər verir.

Nazir çıxışında vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında həm enerji sektoruna böyük sərmayələr yatırılması, həm də neft-qaz boru kəmərləri və elektrik infrastrukturu üzrə müxtəlif layihələrin icrası ilə uğurlu əməkdaşlıq modeli mövcuddur.

O qeyd edib ki, hər iki ölkə enerji sektorunun inkişaf strategiyasını mənbələrin və marşrutların şaxələndirilməsi, eləcə də daha geniş enerji bağlantılarının yaradılması üzərində qurub. Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənub Qaz Dəhlizi etibarlı və proqnozlaşdırılan enerji marşrutları sırasında yer alır. Bu layihələr təkcə iştirakçı ölkələri deyil, bütövlükdə regionu Avrasiyanın enerji infrastrukturunun əsas sütunlarından birinə çevirib.

Son geosiyasi proseslərin enerji bazarlarına təsirləri fonunda Şahbazov qeyd edib ki, XXI əsrdə enerji gücü artıq təkcə hasilatla deyil, həm də təchizat təhlükəsizliyi, enerji bağlantıları və etibarlı tərəfdaşlıqla ölçülür. Bu baxımdan, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında elektrik interkonnektoru layihəsi gündəmdədir.

Nazir həmçinin bildirib ki, Özbəkistanın Çinlə enerji əlaqələrini nəzərdə tutan layihələri fonunda gələcəkdə Türkiyə, Azərbaycan və Mərkəzi Asiya üzərindən Çinlə Avropa arasında yeni enerji bağlantılarının formalaşması Avrasiyanın enerji arxitekturasını dəyişə bilər.

O, elektromobillik, elektrikləşmə, data mərkəzləri, süni intellekt və digər texnoloji inkişafların enerjiyə və elektrik enerjisinə tələbatı sürətlə artırdığını diqqətə çatdırıb. Artıq əsas məsələ enerjinin ən ucuz mənbədən əldə edilməsi deyil, onun əlçatanlığının və təhlükəsiz təchizatının təmin edilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.

Sessiyada Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla yanaşı, Gürcüstan, Moldova, Liviya, Somali, Nigeriya və Sudanın da nazirləri iştirak edib.

https://report.az/energetika/nazir-zengezurdan-kececek-yeni-elektrik-baglantisi-turkiyenin-regional-enerji-habi-rolunu-daha-da-guclendirecek