Azərbaycanın azad edilmiş ərazilərində bərpa prosesi əvvəlcədən hazırlanmış planlara tamamilə uyğun şəkildə həyata keçirilir. Bu fikirləri Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azad edilmiş ərazilərdə Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri Ramil Cahangirov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş sessiyada söyləyib. “Report” xəbər verir.
Cahangirov bütün infrastruktur və yaşayış tikintisinin şəhərsalma normalarına və standartlarına uyğun aparılmasının zəruriliyini vurğulayıb.
“Lakin hər bir layihənin əsas prioriteti təhlükəsizlikdir. Buna görə də sistem elə qurulub ki, ərazi əvvəlcə təhlükəsiz elan edilsin, yalnız ondan sonra tikinti və digər işlərə başlansın. Bu proses olduqca mürəkkəbdir. Həftə ərzində müxtəlif panellərdə və sessiyalarda vurğulandığı kimi, xüsusilə şəhərsalma və minatəmizləmə fəaliyyətlərində koordinasiya ən vacib amillərdən biridir. Növbəti mərhələyə keçmək üçün ərazinin tamamilə minadan təmizləndiyinə əmin olmaq vacibdir. Bu təmin edilməyənə qədər, hansı ərazilərin daha çox, hansıların isə daha az çirkləndiyini müəyyən etmək üçün davamlı məsləhətləşmələr aparılır”, – deyə o bildirib.
https://report.az/infrastruktur/sobe-mudiri-azad-edilmis-erazilerde-yenidenqurma-prosesi-plana-uygun-qaydada-heyata-kecirilir