XƏBƏRLƏR

Pərviz Şahbazov: Gələcəyin şəhərləri enerji səmərəliliyi üzərində qurulacaq

MAY 21, 2026

Enerji səmərəliliyi sahəsində konkret və ölçülə bilən nəticələrin əldə edilməsi gələcək şəhərlərin əsas xüsusiyyətlərindən birinə çevriləcək. Bu fikirləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda təşkil olunan tədbirdə səsləndirib. “Report” xəbər verir.

Nazirin sözlərinə görə, gələcəyin şəhərləri daha az enerji istehlak edərək daha yüksək dəyər yaradacaq, bu prosesdə enerji səmərəliliyi və yaşıl texnologiyalar həlledici rol oynayacaq.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma işləri bu yanaşmanın bariz nümunəsidir. Biz həmin torpaqlarda təkcə infrastrukturu bərpa etmir, eyni zamanda gələcəyin şəhərlərini formalaşdırırıq. ‘Ağıllı şəhər’, ‘ağıllı kənd’, ‘yaşıl enerji zonaları’, enerji səmərəli infrastruktur və rəqəmsal idarəetmə sistemləri bu ərazilərdə vahid konsepsiya çərçivəsində tətbiq edilir”, – deyə o bildirib.

Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi, həmçinin 2050-ci ilədək “xalis sıfır emissiya” hədəfi Azərbaycanın strateji baxışını əks etdirir.

“Hazırda bu ərazilərdə ümumi gücü 307 MVt olan 38 su elektrik stansiyası fəaliyyət göstərir. Paralel olaraq, ümumi gücü 340 MVt olan günəş elektrik stansiyalarının tikintisi davam etdirilir. Bundan əlavə, 7 min kVt gücündə damüstü günəş panelləri artıq quraşdırılıb və 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi üçün qiymətləndirmə işləri aparılır. 2030-cu ilədək 1 650 MVt həcmində bərpa olunan enerji gücünün istismara verilməsi nəticəsində istixana qazı emissiyalarının ildə təxminən 2 milyon ton azalacağı proqnozlaşdırılır”, – deyə Pərviz Şahbazov bildirib.

https://report.az/energetika/perviz-sahbazov-geleceyin-seherleri-enerji-semereliliyi-uzerinde-qurulacaq