XƏBƏRLƏR

Dünya Bankı: Geoməkan məlumatlarının həcmi sürətlə artıb

MAY 20, 2026

Son onilliklərdə geoməkan məlumatlarının həcmində sürətli artım baş verib. “Report” xəbər verir ki, bunu Dünya Bankının Şəhər inkişafı məsələləri üzrə aparıcı iqtisadçısı Mark Roberts Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) çərçivəsində təşkil olunmuş “Davamlı şəhər böyüməsi üçün geoməkan kəşfiyyatı: mənzil tikintisinin iqtisadi potensialının açılması” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, mövcud məlumatların sayında, keyfiyyətində (ayırdetmə qabiliyyəti nəzərə alınmaqla) və əhatə dairəsində əhəmiyyətli artım olub: “Çoxsaylı qlobal məlumat dəstləri mövcuddur. Dünya Bankında həm digər təchizatçılardan əldə edilən, həm də müstəqil şəkildə yaratdığımız məlumatlardan istifadə olunur. Bunlar arasında Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzinin Qlobal Yaşayış Məntəqələri Qatının məlumatları, eləcə də “OpenStreetMaps” kimi açıq mənbəli məlumatlar var”.

Roberts qeyd edib ki, Dünya Bankı olaraq şəhər genişlənməsinin nə dərəcədə sürətlə baş verdiyini və bunun müəyyən ölkələrdə və regionlarda niyə baş verdiyini araşdırır: “Bu, siyasi qərar qəbul edənlər üçün bir neçə səbəbdən vacibdir. Birincisi, bu, şəhərlərin məhsuldarlıq və ətraf mühit mülahizələri ilə uyğun olaraq səmərəli şəkildə böyüyüb-böyümədiyini müəyyən etməyə kömək edir. Bu, kompakt iqtisadi artım modelləri ilə daha yayılmış, lakin ətraf mühitin daha çox deqradasiyasına, daha böyük karbon izinə yol açan və şəhərlərdə məhsuldarlıq və həyat keyfiyyəti baxımından o qədər də əlverişli olmayan modellər arasında fərq qoymağa imkan verir. Bu həmçinin şəhər idarəçiliyi baxımından da çox vacibdir.”

https://report.az/infrastruktur/dunya-banki-geomekan-melumatlarinin-hecmi-suretle-artib