XƏBƏRLƏR

Anar Quliyev: Bərpa olunan enerjinin payı 38 faizə çatdırılacaq

MAY 18, 2026

Azərbaycanda həyata keçirilən iri enerji layihələri nəticəsində bərpa olunan enerjinin ölkənin enerji balansındakı payının hazırkı 13 faizdən təxminən 38 faizədək yüksəldilməsi gözlənilir. Bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında səsləndirib. “Report” xəbər verir.

“Həyata keçirilən layihələrdən biri ildə 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək. Eyni zamanda, ACWA Power şirkətinin icra etdiyi Xızı-Abşeron külək elektrik stansiyası layihəsi regionun ən böyük külək enerjisi layihəsinə çevriləcək. Azərbaycan BMT-nin Məskunlaşma Proqramı (UN‑Habitat) və Bakı İqlim və Sülh Mərkəzi ilə birlikdə WUF13 çərçivəsində ‘Təhlükəsiz qayıdış üçün ağıllı və dayanıqlı yaşayış məntəqələri’ təşəbbüs paketini təqdim etməyi planlaşdırır. Bu təşəbbüs dayanıqlı bərpa və yenidənqurma üzrə beynəlxalq standartların dəstəklənməsinə xidmət edəcək”, – deyə o əlavə edib.

Quliyev bildirib ki, Azərbaycan dayanıqlı yenidənqurma, iqlimə həssas planlaşdırma, rəqəmsal transformasiya və inklüziv ərazi inkişafı vasitəsilə qlobal dialoqa töhfə verməyi və oxşar problemlərlə üzləşən ölkələrlə təcrübəsini bölüşməyi hədəfləyir. “Azərbaycan UN‑Habitat ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir və şəhərlərin qlobal inkişaf və iqlim həllərinin mərkəzində qalması üçün tərəfdaşlığı gücləndirməyə sadiqdir”, – deyə o vurğulayıb.

https://report.az/energetika/anar-quliyev-berpa-olunan-enerjinin-payi-38-e-catdirilacaq