XƏBƏRLƏR

Energetika Nazirliyi: Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanlarını araşdırır

MAY 18, 2026

Türkmənistan elektrik enerjisi ixracı məqsədilə Xəzər dənizinin dibi ilə kabel çəkilməsi layihəsinə qoşulma ehtimalını nəzərdən keçirir. Bu barədə “Report”a WUF13 çərçivəsində Türkmənistanın Energetika Nazirliyi yanında “Türkmenenerqo” Dövlət Elektrik Enerjisi Korporasiyasının xarici iqtisadi əlaqələr və ixrac şöbəsinin baş əməkdaşı Abdulla Cəlilov məlumat verib.

Onun sözlərinə görə, Türkmənistan paralel olaraq Türkmənbaşı şəhərində 1574 MVt gücündə birləşmiş dövrəli elektrik stansiyası tikdirir. Bu stansiya gələcəkdə ixrac tədarükü üçün əsas enerji mənbəyinə çevrilə bilər.

“Biz Xəzər dənizinin dibi ilə kabel çəkilməsi imkanını araşdırırıq. Türkmənbaşıda 1574 MVt gücündə birləşmiş dövrəli elektrik stansiyası inşa olunur. Stansiya istifadəyə verildikdən sonra, həmin stansiya və Xəzərin dibi ilə çəkiləcək kabel vasitəsilə elektrik enerjisini Azərbaycana, oradan da digər ölkələrə və daha uzaq bölgələrə ixrac etmək mümkün olacaq”, – deyə o bildirib.

Cəlilov qeyd edib ki, bu məsələ Azərbaycan və Türkmənistan arasında hökumətlərarası komissiyalar çərçivəsində mütəmadi olaraq müzakirə olunur, lakin hələlik yekun qərar verilməyib.

“Hələlik bu məsələ açıq qalır, lakin biz bu layihəni reallaşdırmaq istəyirik”, – deyə o əlavə edib.

“Türkmenenerqo” nümayəndəsinin sözlərinə görə, layihə bütün iştirakçılar üçün iqtisadi cəhətdən faydalı ola bilər.

O, həmçinin qeyd edib ki, Azərbaycan elektrik enerjisinin digər dövlətlərə sonrakı ixracı üçün mühüm tranzit ölkəsi kimi dəyərləndirilir.

https://report.az/energetika/turkmenistan-xezerin-dibi-ile-enerji-kabeli-layihesinde-istirak-imkanini-arasdirir-ekskluziv