Azərbaycan və Böyük Britaniya birgə neft-qaz və yaşıl enerji layihələrinin həyata keçirilməsini, həmçinin yaşıl enerji dəhlizi təşəbbüsləri üzrə Britaniya şirkətləri ilə əməkdaşlığı müzakirə edib. Bu barədə “Report” Energetika Nazirliyinə istinadən xəbər verir.
Söhbət energetika naziri Pərviz Şahbazov ilə diplomatik missiyasının başa çatması münasibətilə qəbul edilən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld arasında keçirilən görüşdə baş tutub.
Nazir Şahbazov səfir Aulda onun Azərbaycandakı fəaliyyəti dövründə ikitərəfli münasibətlərin, xüsusilə enerji sahəsinin inkişafına verdiyi töhfəyə görə təşəkkürünü bildirib.
Görüşdə birgə neft-qaz və bərpa olunan enerji layihələrinin icrası, yaşıl enerji dəhlizləri üzrə əməkdaşlıq müzakirə edilib və Azərbaycanla Böyük Britaniya arasında uzunmüddətli enerji tərəfdaşlığından məmnunluq ifadə olunub.
Tərəflər həmçinin Bakıda keçiriləcək Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyasının növbəti iclasından irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Söhbət zamanı Britaniya tərəfinə Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək tədbirlərdə geniş şəkildə iştirak etmək təklifi olunub.
https://report.az/energetika/azerbaycan-ve-boyuk-britaniya-enerji-layihelerinin-icrasini-muzakire-edib