Asiya İnkişaf Bankının (ADB) Energetika üzrə direktoru Keycu Mitsuhaşi “Report” agentliyinin müxbirinin sualını cavablandırarkən bildirib ki, Bank Trans-Xəzər Yaşıl Enerji Dəhlizi layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın (TİƏ) tamamlanmasını gözləyir. Yalnız bundan sonra layihənin “Pan-Asiya Enerji Şəbəkəsi Təşəbbüsü” (PAGI) çərçivəsində potensial dəyərini müəyyən etmək mümkün olacaq. Bu açıqlama ADB-nin İdarə Heyətinin 59-cu illik iclası zamanı PAGI təşəbbüsünə həsr olunmuş mətbuat konfransında səsləndirilib.
Direktor qeyd edib ki, layihə hazırda texniki-iqtisadi əsaslandırma mərhələsindədir, buna görə də xərcləri qiymətləndirmək üçün həmin sənədin nəticələrini gözləmək lazımdır.
Xatırladaq ki, 2025-ci il aprelin 4-də Azərbaycan, Qazaxıstan və Özbəkistan ADB və Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) dəstəyi ilə Trans-Xəzər Yaşıl Enerji Dəhlizi təşəbbüsünün birinci mərhələsinin başladılması barədə razılığa gəliblər. Tərəflər üç ölkənin enerji sistemlərini birləşdirəcək və bərpa olunan enerjinin Avropaya ixracı üçün marşrut yaradacaq layihə üzrə birgə texniki-iqtisadi əsaslandırmanın hazırlanması haqqında saziş imzalayıblar.
https://report.az/energetika/adb-transxezer-layihesinin-xerclerini-tie-basa-catandan-sonra-qiymetlendirecek