Mayın 3-də Beynəlxalq Günəş Günü qeyd edilir. “Renewables.az” xəbər verir ki, bu gün insanları dünyada bərpa olunan enerji mənbələrindən yararlanmağa təşviq etmək və ekoloji cəhətdən faydalı günəş enerjisindən istifadəni artırmaq məqsədilə təsis edilib və 1994-cü ildən bəri qeyd olunur. Əslində bu günün təməli 1978-ci ildə qoyulsa da, əsas məqsəd daha təmiz bir enerji mənbəyi olan günəşdən faydalanmanı təşviq etməkdir.
Müasir dövrdə günəş enerjisi bərpa olunan enerji növləri arasında ən böyük potensiala malik və ən ümidverici hesab olunur. Günəş şüalarından elektrik əldə etmək üçün fotovoltaik panellərdən, istilik və isti su təminatı üçün isə günəş kollektorlarından istifadə edilir.
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) “Bərpa olunan enerji statistikası 2026” hesabatına görə, 2025-ci ildə dünya üzrə günəş enerjisinin quraşdırılmış gücü 27% artaraq bütün bərpa olunan enerji qoyuluş gücünün 46,5%-nə çatıb.
Azərbaycanın günəş enerjisi üzrə iqtisadi potensialı 23 000 MVt olaraq qiymətləndirilir. Ölkədə günəş enerjisindən quraşdırılmış güc isə 281 MVt-dır. Xəzər regionunda və MDB məkanında ən böyük günəş stansiyası olan 230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyasının istismara verildiyi gündən bu yana 1,2 milyard kVt/saata qədər yaşıl enerji istehsal edilib.
https://renewables.az/az/news/bu-g-n-beyn-lxalq-g-n-g-n-d-r