XƏBƏRLƏR

Azad olunmuş torpaqlarda yaşıl enerji və enerji səmərəliliyi üzrə İşçi Qrupunun növbəti toplantısı keçirilib

MAY 01, 2026

Energetika Nazirliyində işğaldan azad edilmiş rayonlarda yaşıl texnologiyaların və enerji qənaətinin tətbiqinə dair əlaqələndirmə və izləmə işlərini aparan İşçi Qrupunun 12-ci iclası baş tutub.

Renewables-a Nazirlikdən verilən məlumata görə, energetika nazirinin müavini çıxışında Prezident İlham Əliyevin müvafiq sərəncam və tapşırıqlarına əsasən azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və tikinti işlərindən bəhs edib. Ötən iclasdan sonra istifadəyə verilən və təməli atılan yaşayış məntəqələri, sosial obyektlər və enerji qurğuları haqqında məlumat verilib. Yaşıl enerji texnologiyalarının tətbiqi çərçivəsində Cəbrayılda “Şəfəq” Günəş Elektrik Stansiyasında yarımstansiyanın tikintisinin yekunlaşdığı, hazırda günəş panellərinin quraşdırılmasına başlanıldığı qeyd olunub. Bununla yanaşı, hər biri 50 MVt gücündə olan “Şəms” və “Üfüq” günəş stansiyaları layihələrinin icrasının, Kəlbəcərdə isə 240 MVt gücündə külək elektrik stansiyasının tikintisinə hazırlıq məqsədilə ölçü və müşahidə işlərinin davam etdirildiyi bildirilib.

İclasda İşçi Qrupun əvvəlki toplantısında qəbul edilmiş qərarların icra vəziyyəti, yaşıl texnologiyalar və enerji səmərəliliyi üzrə aparılmış izləmələrin nəticələri barədə hesabatlar dinlənilib. Zəngilan və Kəlbəcər şəhərlərində, Zəngilan rayonunun Məmmədbəyli, Cahangirbəyli, Cəbrayıl rayonunun Horovlu, Soltanlı və Şükürbəyli, Kəlbəcər rayonunun Zar, Ağdərə rayonunun Suqovuşan, Çapar, Həsənriz, Vəngli və Kolatağ kəndlərində aparılan monitorinqlərin yekunları nəzərdən keçirilib. Həmin ərazilərdə damlarda günəş panellərinin quraşdırılması və vətəndaşların fəal istehlakçı kimi qeydiyyata alınması proseduru ilə bağlı mövcud vəziyyət barədə məlumatlar diqqətə çatdırılıb. Bildirilib ki, azad edilmiş ərazilərdə hazıradək 2000-dən çox fərdi evdə, ictimai və sosial binalarda ümumi gücü 7000 kVt-dan çox olan günəş batareyaları və 7000-dən artıq LED işıqlandırma cihazı quraşdırılıb. İşıqlandırma qurğularının 40 faizi (təxminən 3000 ədəd) günəş enerjisi ilə işləyən hibrid sistemlərdir.

Toplantıda həmçinin yaşayış komplekslərində qaz və istilik təchizatı ilə bağlı müzakirələr aparılıb. Müzakirələrin sonunda irəli sürülən təkliflərin həyata keçirilməsi üçün lazımi addımların atılması barədə razılıq əldə olunub.

https://renewables.az/az/news/azad-edilmi-razil-rd-ya-l-enerji-v-enerji-s-m-r-liliyi-zr-i-qrupunun-n-vb-ti-iclas-ke-irilib