XƏBƏRLƏR

Milli Məclis Təmiz Enerji Mərkəzi ilə Ev Sahibi Ölkə Sazişini təsdiqləyib

APREL 30, 2026

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi”ni ratifikasiya edib. Bu məsələ parlamentin plenar iclasında müzakirəyə çıxarılıb.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qanun layihəsi haqqında məlumat verib. Onun sözlərinə görə, İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 2021-ci il 27 noyabr tarixində Türkmənistanın Aşqabad şəhərində keçirilən 25-ci iclasında İƏT-in Təmiz Enerji Mərkəzinin Nizamnaməsi qəbul edilib. Həmin sənədə əsasən, Mərkəzin qərargahının Bakı şəhərində yerləşdirilməsi nəzərdə tutulur.

Bildirilib ki, təqdim olunan Ev Sahibi Ölkə Sazişinin əsas məqsədi Mərkəzin öz funksiya və vəzifələrini səmərəli icra etməsi üçün zəruri şəraitin yaradılması, həmçinin Mərkəzlə ev sahibi dövlət arasında hüquqi və təşkilati münasibətlərin tənzimlənməsidir.

Sənəddə Mərkəzin Bakıda yerləşməsi, binanın saxlanması, təhlükəsizlik və sanitariya tələbləri, fövqəladə hallarda tədbirlər, binanın və arxivlərin toxunulmazlığı, əmlak və maliyyə aktivlərinin hüquqi müdafiəsi, vergi və gömrük güzəştləri, rabitə imkanları, işçilərin immunitet və imtiyazları, həmçinin yaşayış və viza məsələləri kimi vacib istiqamətlər əks olunub.

Vurğulanıb ki, bu saziş Azərbaycanın beynəlxalq enerji diplomatiyasının möhkəmlənməsinə, ölkənin yaşıl enerji və dayanıqlı inkişaf sahəsində regional mərkəz kimi mövqeyinin güclənməsinə, eyni zamanda İƏT məkanında əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Pərvanə Vəliyeva layihə ilə bağlı öz komitəsinin rəyini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Xatırladaq ki, 2025-ci il dekabrın 2-də “Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi” imzalanıb. Həmin saziş Mərkəzin öz funksiya və vəzifələrini səmərəli icra etməsini, o cümlədən Nizamnaməyə uyğun olaraq Mərkəzin hüquqi statusunu, imtiyazlarını müəyyən edir, həmçinin Mərkəzlə ev sahibi ölkə arasındakı münasibətləri tənzimləyir.

https://renewables.az/az/news/milli-m-clis-t-miz-enerji-m-rk-zi-il-ev-sahibi-lk-sazi-ini-ratifikasiya-edib