Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Vorvik Universiteti ilə birgə təşkil edilmiş “Bərpa olunan enerji” ixtisası üzrə ikili diplom magistr proqramının ilk buraxılış mərasimi keçirilib.
“Renewables”ın ADNSU-ya istinadən verdiyi xəbərə görə, tədbirdə universitet rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, beynəlxalq tərəfdaşlar, sənaye sahəsinin təmsilçiləri, müəllimlər, məzunlar və valideynlər iştirak ediblər.
Mərasim başlamazdan əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül qoyublar.
Tədbirin rəsmi hissəsi məzunların səhnəyə daxil olması ilə başlayıb. Daha sonra proqramın birillik fəaliyyətini əks etdirən təqdimat və xülasə videosu nümayiş etdirilib.
ADNSU-nun rektoru, dosent Rüfət Əzizov çıxışında qeyd edib ki, ikili diplom proqramları universitetin beynəlmiləlləşmə strategiyasında mühüm rol oynayır. Bu cür təşəbbüslər tələbələrə dünya səviyyəli təhsil əldə etmək imkanı verir və onların qlobal əmək bazarında rəqabət qabiliyyətini artırır. Rektor proqramın dövlət tərəfindən maliyyələşdirilməsinin xüsusi əhəmiyyətini vurğulayaraq bunu Prezident İlham Əliyevin gənclərin yüksək keyfiyyətli təhsili üçün göstərdiyi qayğının növbəti təzahürü kimi qiymətləndirib. O, proqramın uğurla icrasına dəstəyə görə Elm və Təhsil Nazirliyinə və Vorvik Universitetinin WMG strukturuna təşəkkür edib.
Vorvik Universitetinin Warwick Manufacturing Group (WMG) beynəlxalq əlaqələr üzrə dekan müavini professor Robin Klark çıxışında proqramın uğurla həyata keçirilməsindən məmnunluğunu bildirib və əməkdaşlığın gələcək inkişaf perspektivlərini qeyd edib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, habelə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti, OBE doktor Bəxtiyar Aslanbəyli çıxışlarında proqramın önəmindən danışaraq məzunları təbrik edib və onların ölkənin enerji sektorunun inkişafına mühüm töhfə verəcəyini vurğulayıblar.
Bildirilib ki, ADNSU və Vorvik Universiteti arasında reallaşdırılan bu proqram bərpa olunan enerji sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasına yönəlib. Proqram çərçivəsində tələbələr həm beynəlxalq səviyyəli akademik biliklərə yiyələnib, həm də real sənaye təcrübəsi qazanıblar. Tədris prosesi WMG-nin təqdim etdiyi modullar, ADNSU-nun akademik kursları və dissertasiya mərhələsindən ibarətdir. Proqramın ilk buraxılışında 27 məzun təhsilini müvəffəqiyyətlə başa vurub.
Proqramın vacib hissələrindən biri də tələbələrin Böyük Britaniyada keçirilən yay məktəbində iştirakı olub. Bu müddətdə onlar bərpa olunan enerji obyektlərini ziyarət edib, sənaye nümayəndələri ilə görüşüb və beynəlxalq akademik mühitlə tanış olublar.
Mərasim çərçivəsində məzunların çıxışları dinlənilib, sonra diplomların təqdimatı keçirilib. Məzunlara ADNSU və Vorvik Universiteti tərəfindən ikili magistr diplomları verilib.
Tədbir ənənəvi olaraq məzun papaqlarının havaya atılması ilə davam edib və xatirə şəklinin çəkilməsi ilə başa çatıb.
Qeyd edək ki, proqram tamamilə ADNSU tərəfindən maliyyələşdirilir və tələbələrə pulsuz olaraq beynəlxalq səviyyəli təhsil imkanı yaradır. Bu təşəbbüs ölkədə bərpa olunan enerji sahəsində insan kapitalının inkişafına önəmli töhfədir.
https://renewables.az/az/news/b-rpa-olunan-enerji-ixtisas-zr-ikili-diplom-magistr-proqram-n-n-ilk-m-zun-burax-l-m-rasimi-ke-irilib