Energetika naziri Pərviz Şahbazov ilə ECO Təmiz Enerji Mərkəzinin (CECECO) İcraçı direktoru Aysel Yaqubova arasında görüş keçirilib. Görüşdə tərəflər Mərkəzin regional əməkdaşlıq platforması kimi fəaliyyəti, nəzərdə tutulan layihələr və birgə tədbirlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Azərbaycan Respublikasının Hökuməti ilə ECO Təmiz Enerji Mərkəzi arasında imzalanmış Ev sahibi ölkə Sazişindən irəli gələn məsələlər, Mərkəzin maliyyələşdirilməsi, həmçinin beynəlxalq təşkilatlar, enerji şirkətləri və maliyyə qurumları ilə tərəfdaşlıq imkanları müzakirə edilib. ECO üzv dövlətlərində bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində mövcud milli qanunvericilik, normativ hüquqi aktlar və siyasət çərçivələrinin mərkəzləşdirilmiş reyestrinin yaradılması planlarına da toxunulub. Bildirilib ki, bu cür təşəbbüslər investorlar, maliyyə institutları və digər maraqlı tərəflər üçün faydalı olacaq. Həmçinin vurğulanıb ki, Təmiz Enerji Mərkəzi əhatə etdiyi ölkələrdə müvafiq sahələr üzrə bilik və bacarıqların artırılmasını dəstəkləməyi, təcrübə mübadiləsini təşviq etməyi və regional beynəlxalq forumlarda iştirakını genişləndirməyi nəzərdə tutur.
Söhbət zamanı Energetika Nazirliyi Mərkəzin fəaliyyətinə dəstəyini ifadə edib və AREA ilə əməkdaşlıqda birgə tədbirlərin təşkilini tövsiyə edib.
Qeyd edək ki, ECO-nun ixtisaslaşmış qurumu olan Mərkəz 2025-ci ilin sentyabrından fəaliyyət göstərir və həmçinin Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişaf Təşkilatının (UNIDO) Regional Dayanıqlı Enerji Mərkəzlərinin Qlobal Şəbəkəsinin (GN-SEC) tərkib hissəsidir.
https://renewables.az/az/news/t-miz-enerji-m-rk-zi-v-boemda-birg-t-dbirl-r-ke-ir-bil-r