XƏBƏRLƏR

Azərbaycan ERRA-nın növbəti illik toplantısında təmsil olunub

APREL 29, 2026

Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) 23-cü illik konfransı və ümumi iclası aprelin 27-28-də Bratislavada keçirilib. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) sədri Samir Axundov bu tədbirdə iştirak edib. EMTA-dan verilən məlumata görə, bu ilki konfrans həm də ERRA-nın 25 illik yubileyinə təsadüf edir.

Konfransda 49 ölkədən 124 tənzimləyici qurum, şirkət və təşkilatı təmsil edən 300-dən çox nümayəndə – enerji tənzimləyicilərinin rəhbərləri, investorlar, aparıcı mütəxəssislər və tədqiqatçılar iştirak ediblər.

Tədbirin əsas mövzusu enerji siyasətində dəyişikliklər və tənzimləmə fəaliyyətinin bu dəyişikliklərə uyğunlaşdırılması idi. Həm elektrik, həm də qaz təchizatı ilə bağlı aktual məsələlər müzakirə olunub.

Samir Axundov “Ötürücü və paylayıcı şəbəkələrin transformasiyası” adlı sessiyaya sədrlik edib. Sessiya çərçivəsində transsərhəd layihələr də daxil olmaqla infrastruktur investisiyaları, ağıllı şəbəkələr, rəqəmsallaşma, elektrik enerjisi tarifləri və təşviq mexanizmlərinin tənzimlənməsi kimi mövzular müzakirəyə çıxarılıb.

Altı sessiyada aşağıdakı sahələr üzrə fikir mübadiləsi aparılıb: elektrik enerjisi istehsalı və saxlanmasında transformasiya, Avropadakı geosiyasi vəziyyət fonunda qaz sektorunun tənzimlənməsi, Mərkəzi Avropada qaz ticarəti və nəqli, nüvə energetikasının tənzimlənməsi, ötürücü və paylayıcı şəbəkələrin yenidən qurulması, pərakəndə satış və istehlakçılarla əlaqələr, həmçinin tənzimləmə fəaliyyətinin liberallaşdırılması və idarə edilməsi.

Qeyd edək ki, ERRA 2000-ci il dekabrın 11-də Buxarestdə yaradılıb. Hazırda 44 ölkədən 48 tənzimləyici qurumu birləşdirən bu təşkilat enerji tənzimlənməsi sahəsində təcrübə mübadiləsi platformasıdır. EMTA fəaliyyətə başladığı ilk dövrlərdən ERRA ilə əməkdaşlıq edir və 2018-ci ilin aprelindən assosiativ üzv statusuna malikdir.

https://renewables.az/az/news/az-rbaycan-erra-n-n-illik-konfrans-nda-i-tirak-edib