Aprelin 15-də Azərbaycanın maliyyə nazirinin birinci müavini Anar Kərimov Dünya Bankının enerji sektoru üzrə missiya heyəti ilə görüşüb. Heyəti hazırda tapşırıq qrupunun rəhbəri, baş enerji mütəxəssisi Rocer Koma Kunil və yeni tapşırıq qrupunun rəhbəri Sameh Mobarek təmsil edirdi.
Görüşdə Dünya Bankının Azərbaycana “Bərpa olunan Enerji Mənbələrinin Şəbəkəyə İnteqrasiyası (AZURE)” layihəsinin reallaşdırılmasına verdiyi dəstək, həmçinin Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı tərəfdaşlıq çərçivəsində həyata keçirilən texniki yardımın nəticələri müzakirə olunub.
Anar Kərimov qeyd edib ki, 30 ildən artıqdır davam edən uğurlu əməkdaşlıq Dünya Bankını Azərbaycanın aparıcı inkişaf tərəfdaşlarından birinə çevirib. Onun sözlərinə görə, bu əməkdaşlıq çərçivəsində strateji əhəmiyyət kəsb edən AZURE layihəsi “Masdar” şirkətinin tikdiyi ümumi gücü 1 QVt olan günəş və külək elektrik stansiyalarının milli enerji sisteminə qoşulmasını təmin etməklə, ötürücü şəbəkənin möhkəmlənməsinə böyük töhfə verib.
Nazir müavini AZURE layihəsi üzrə Batareya Enerji Saxlama Sistemlərinin (BESS) maliyyələşdirilməsi perspektivinə toxunaraq, bu təşəbbüsün şəbəkə çevikliyinin yüksəldilməsi, bərpa olunan enerji mənbələrinin daha geniş inteqrasiyası və şəbəkənin ümumi dayanıqlığının artırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Dünya Bankının nümayəndələri isə Azərbaycanla enerji sektorunda əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər. Onlar elektrik şəbəkəsinin müasirləşdirilməsi, tarif islahatları və dənizdə külək enerjisinin inkişafı sahələrində texniki dəstəyin davam edəcəyini qeyd ediblər. Eyni zamanda, texniki yardımın nəticələrinin daha davamlı və səmərəli investisiya layihələrinə çevrilməsinin, habelə müvafiq qurumlar arasında əlaqələndirmənin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Görüşdə, həmçinin, növbəti mərhələdə prioritet investisiya istiqamətlərinin müəyyən edilməsi, bərpa olunan enerji layihələrinin inkişafı və Bankla əməkdaşlığın daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
https://renewables.az/az/news/az-rbaycan-v-d-nya-bank-enerji-sah-sind-m-kda-l-n-geni-l-ndirilm-sini-m-zakir-edib