XƏBƏRLƏR

Azərbaycan və bp neft-qaz və bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə edib

APREL 16, 2026

Energetika naziri Pərviz Şahbazov bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli ilə görüşüb.

Nazirlikdən verilən məlumata əsasən, görüşdə bp ilə strateji tərəfdaşlıq çərçivəsində neft-qaz və bərpa olunan enerji sahələrində reallaşdırılan layihələrin vəziyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Bu çərçivədə "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağında hasilatın sabit səviyyədə saxlanılması, yeni texnologiyaların tətbiqi və əməliyyat səmərəliliyinin artırılması üçün görülən işlərə nəzər salınıb.

Bundan başqa, "Şahdəniz" yatağında aparılan işlər, "Şahdəniz Kompressiya" layihəsinin tərəqqisi və AÇG-dən ayrılan qazın emalı layihəsi üzrə ilk qazın əldə edilməsi ilə bağlı yeniliklər diqqətə çatdırılıb. "Şəfəq-Asiman", "Qarabağ" və "Babək" yataqlarının işlənməsi məsələləri də müzakirə edilərək perspektiv imkanlar qiymətləndirilib. Bildirilib ki, həmin layihələr ölkənin qaz ixrac potensialının artmasına əhəmiyyətli töhfə verəcək.

Görüşdə həmçinin neft-qaz platformalarının və "Səngəçal" terminalının elektrikləşdirilməsi, eləcə də "Şəfəq" Günəş Elektrik Stansiyasının 2027-ci ildə istismara verilməsi istiqamətində görülən işlər müzakirə olunub.

Söhbət zamanı qlobal enerji bazarlarında mövcud durum fonunda enerji təhlükəsizliyinin vacibliyi, enerji mənbələrinin, marşrutlarının və təchizatın şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, bərpa olunan enerji sürətlə inkişaf etsə də, karbohidrogenlər dünya enerji istehlakında hələ də əsas paya malikdir və gələcəkdə də mühüm rol oynayacaq. Azərbaycanın neft, qaz, elektrik enerjisi və bərpa olunan enerji sahələrində diversifikasiya siyasətini ardıcıl surətdə davam etdirdiyi bildirilib.

Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq enerji mərkəzi rolunun daha da gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.

 

https://renewables.az/az/news/energetika-naziri-bp-irk-ti-il-enerji-layih-l-rini-m-zakir-edib