XƏBƏRLƏR

Azərbaycan Misirin "Elsewedy Electric" şirkəti ilə bərpa olunan enerji sahəsində əməkdaşlığı nəzərdən keçirir

APREL 15, 2026

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Misirin Azərbaycandakı səfiri Hüsam-əddin Rida ilə görüş keçirib.

Energetika Nazirliyindən verilən məlumata əsasən, görüşdə dövlət başçılarının qarşılıqlı səfərlərinin və əldə olunmuş razılaşmaların iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsindəki rolu vurğulanıb.

Misir tərəfi Azərbaycanla genişmiqyaslı enerji əməkdaşlığını inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. SOCAR və EGPC arasında çərçivə sazişinin imzalanması mühüm addım kimi qiymətləndirilib.

Danışıqlar zamanı həmçinin "Elsewedy Electric S.A.E." şirkəti ilə bərpa olunan enerji sahəsində potensial əməkdaşlıq imkanlarına toxunulub. Gələcəkdə Azərbaycanda verilənlər mərkəzlərinin genişləndirilməsi ilə bağlı elektrik enerjisinə artan tələbat və ixrac imkanları nəzərə alınmaqla birgə layihələrin perspektivləri müzakirə olunub.

Bundan başqa, Misir tərəfi Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək tədbirlərdə geniş nümayəndə heyəti ilə iştirak etməyə dəvət olunub.

 

https://renewables.az/az/news/az-rbaycan-misirin-elsewedy-electric-s-a-e-irk-ti-il-b-rpa-olunan-enerji-sah-sind-m-kda-l-n-z-rd-n-ke-irib