XƏBƏRLƏR

EMTA-nın Qarabağ filialının rəsmi açılışı olub

APREL 15, 2026

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Qarabağ filialının rəsmi təqdimetmə mərasimi Xankəndi şəhərində yerləşən “Xankəndi” Biznes Mərkəzində baş tutub.

Agentlikdən verilən məlumata əsasən, mərasimdə EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, həmçinin Xüsusi nümayəndəlik və EMTA-nın Qarabağ filialının əməkdaşları iştirak ediblər.

Samir Axundov çıxışında bildirib ki, Xankəndidə Qarabağ filialının fəaliyyətə başlaması həm tarixi, həm də strateji əhəmiyyət daşıyır. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında II Qarabağ müharibəsində qazanılmış şərəfli qələbə sayəsində torpaqlarımız işğaldan azad olunub. Dövlət siyasətinin əsas prioritetlərindən biri Qarabağa qayıdışdır və bu bölgədə əhalinin normal həyat şəraitinin yaradılması, dövlət qurumlarının fəaliyyətinin bərpa edilməsi vacib vəzifələr sırasındadır.

Səbuhi Qəhrəmanov isə vurğulayıb ki, Qarabağa qayıdış prosesi çərçivəsində dövlət qurumları bölgədə öz işlərini bərpa edirlər. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış hazırda da davam edir və ölkənin müxtəlif yerlərində müvəqqəti məskunlaşmış ailələr öz doğma yurdlarına geri dönürlər.

Bildirilib ki, Xankəndidə filialın açılması həm bölgə sakinləri, həm də burada fəaliyyət göstərən və ya gələcəkdə fəaliyyət göstərəcək müəssisələr üçün əlçatan xidmət deməkdir. Bu da dövlət siyasətinin regionlarda təhlükəsiz, fasiləsiz və səmərəli şəkildə icrasını təmin edir. Filialın Xankəndidə fəaliyyətə başlaması Qarabağa qayıdışın, azad edilmiş torpaqlara geri dönən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasının, həmçinin bölgədə sabitlik və inkişafın təmin olunmasının göstəricisidir.

Qeyd edək ki, Qarabağ filialının xidmət göstərəcəyi əraziyə Şuşa və Xankəndi şəhərləri, həmçinin Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı, Zəngilan, Qubadlı və Laçın rayonları daxildir.

Xatırladaq ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusunda yaradılıb. Agentliyin ümumilikdə 11 filialı mövcuddur: Bakı, Sumqayıt, Gəncə, Şirvan, Mingəçevir, Xaçmaz, Lənkəran, Kürdəmir, Tovuz, Şəki və Qarabağ.

https://renewables.az/az/news/enerji-m-s-l-l-rini-t-nziml-m-agentliyinin-qaraba-filial-n-n-a-l-oldu