XƏBƏRLƏR

EMTA və “TuranBank” əməkdaşlıq müqaviləsi imzaladı

APREL 14, 2026

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və “TuranBank” ASC arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni EMTA-nın İdarə Heyəti sədrinin müavini Rövşən İsmayılov və “TuranBank” ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev imzalayıblar.

Rövşən İsmayılov Fond barədə məlumat verərək, enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin müasir dövrdə əhəmiyyətini qeyd edib. Ölkənin aparıcı bankları ilə əməkdaşlıq müqavilələrinin imzalandığını diqqətə çatdıraraq o, bu çərçivədə əməkdaşlığın gələcək perspektiv imkanlarını vurğulayıb.

Orxan Qarayev “TuranBank”ın fəaliyyəti haqqında danışaraq, bankın geniş filial şəbəkəsinin olduğunu bildirib. O, bankın müxtəlif yerli və beynəlxalq fondlarla əməkdaşlığının olduğunu qeyd edərək, bu sahədəki təcrübədən söz açıb. Eyni zamanda, Enerji effektivliyi fondu ilə əməkdaşlıqda enerji səmərəliliyi layihələrinin həyata keçirilməsi üçün yeni imkanlar açılacağını bildirib.

Qeyd edək ki, Enerji effektivliyi fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) həyata keçirir. EMTA Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb.