XƏBƏRLƏR

EMTA və “Rabitəbank” ASC arasında əməkdaşlıq müqaviləsi imzalandı

APREL 14, 2026

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə “Rabitəbank” ASC arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni EMTA-nın İdarə Heyətinin sədr müavini Rövşən İsmayılov və “Rabitəbank” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini Orhan Gültekin imzalayıblar.

Rövşən İsmayılov bildirib ki, banklarla əməkdaşlıq vasitəsilə Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə veriləcək güzəştli kreditlər enerji səmərəliliyi layihələrini həyata keçirənlər üçün olduqca əlverişlidir.

Orhan Gültekin Fondun yaratdığı imkanlar hesabına enerji effektivliyi üzrə tədbirləri hədəfləyən layihələrin həyata keçirilməsinin və bu istiqamətdə əməkdaşlığın gələcək perspektivlərinin olduğunu vurğulayıb.

Qeyd edək ki, Enerji effektivliyi fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) həyata keçirir. EMTA Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb.