İtaliya Azərbaycandan Trans-Adriatik Boru Kəməri (TAP) ilə ötürülən qazın hesabına Avropanın ikinci ən böyük qaz tranzit ölkəsi statusunu daha da gücləndirib.
Bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (GECF) “Qaz Bazarı üzrə İllik Hesabat-2026”sına istinadən xəbər verilir.
Hesabatda qeyd olunur ki, Almaniya Avropa İttifaqında boru kəməri ilə qaz idxalı üzrə ən əhəmiyyətli giriş nöqtəsi olaraq qalır və ümumi qaz axınlarının 23 %-ni, yəni 33 milyard kubmetr həcmini təmin edir. Almaniyadan sonra İtaliya ikinci ən böyük qaz tranzit ölkəsi kimi mövqeyini möhkəmləndirib və ümumi qaz daxilolmalarının 14 %-ni öz üzərinə götürüb.
“Bu nəticə əsasən Əlcəzairdən gələn Trans-Aralıq Dənizi Boru Kəmərinin yüksək yüklənməsi və Azərbaycandan TAP vasitəsilə sabit qaz həcmlərinin göndərilməsi hesabına əldə olunub”, – deyə GECF vurğulayıb.
Hesabatda həmçinin qeyd edilir ki, 2025-ci ildə Avrasiyada qaz hasilatı 1,8 % azalaraq 868 milyard kubmetrə düşüb. Rusiyanın hasilat həcminin azalması regionun ümumi göstəricilərinə birbaşa təsir edib. Rusiya beynəlxalq miqyasda ikinci ən böyük qaz istehsalçısı olaraq qalmaqda davam edir və Avrasiya hasilatının 77 %-ni təmin edir. Rusiyadan sonra regional qaz istehsalı Türkmənistan, Özbəkistan, Azərbaycan və Qazaxıstanın payları hesabına formalaşır.
GECF xatırladıb ki, 2025-ci ildə Azərbaycanda təbii qaz hasilatı 2,4 % artaraq 39 milyard kubmetrə çatıb. Bu artım əsasən dəniz yataqlarında sabit hasilat tempinin qorunması hesabına mümkün olub. Hasilatın böyük hissəsi – illik 27,9 milyard kubmetr “Şahdəniz” yatağının payına düşüb.
“Azəri-Çıraq-Dərinsu Günəşli” (AÇG) yataqlar blokundan 3,5 milyard kubmetr, “Abşeron” yatağından isə ilkin mərhələdə 7 % artımla 1,6 milyard kubmetr qaz hasil edilib.
Bu məlumatlar Azərbaycanın Avropa qaz bazarında etibarlı tədarükçü kimi mövqeyinin möhkəmlənməsini və TAP boru kəmərinin strateji əhəmiyyətini bir daha təsdiqləyir.