Energetika naziri Pərviz Şahbazov Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç ilə görüş keçirib.
Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan və Serbiya dövlət başçılarının yüksək səviyyəli siyasi münasibətlərinin iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsində mühüm rol oynadığı vurğulanıb.
Bu ilin fevral ayında Belqrad şəhərində Azərbaycan və Serbiya Prezidentlərinin həmsədrliyi ilə keçirilmiş Strateji Tərəfdaşlıq Şurasının ilk iclası və qaz-turbin elektrik stansiyası üzrə imzalanmış Hökumətlərarası Sazişin enerji sahəsində əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verdiyi qeyd olunub. Həmçinin mart ayında energetika sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclasının keçirildiyi xatırladılıb.
Görüşdə neft-qaz sektoru, energetika infrastrukturu, elektrik enerjisi istehsalı, enerji səmərəliliyi, bərpa olunan enerji və istilik təchizatı sahələrində əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib. Son iki ildə Azərbaycandan Serbiyaya 444,6 milyon kubmetr qaz ixrac olunduğu bildirilib.
Serbiyada qazla işləyən elektrik stansiyasının tikintisi istiqamətində görülən işlər nəzərdən keçirilib. Həmçinin “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində əməkdaşlıq imkanları dəyərləndirilib.
Söhbət zamanı Serbiya tərəfi “Bakı Enerji Həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə geniş tərkibdə iştiraka dəvət olunub.
Bu görüş Azərbaycan və Serbiya arasında enerji sahəsində strateji əməkdaşlığın daha da dərinləşməsi və “yaşıl enerji dəhlizi” layihəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
https://renewables.az/az/news/az-rbaycan-v-serbiya-aras-nda-x-z-r-qara-d-niz-avropa-ya-l-enerji-d-hlizi-layih-si-r-iv-sind-m-kda-l-q-imkanlar-d-y-rl-ndirilib