Azərbaycanın bərpa olunan enerji sahəsində ambisiyalı planları açıqlandı: 2032-ci ilə qədər bu sahədə quraşdırılmış ümumi gücün 8 giqavata çatacağı gözlənilir.
“Report”un məlumatına görə, bu proqnozu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının nazirlərin 4-cü iclası çərçivəsində “Yaşıl Enerji Layihələri” plenar sessiyasında səsləndirib.
Cavid Abdullayev qeyd edib ki, neft və qaz layihələri ənənəvi olaraq hasilatın pay bölgüsü sazişləri əsasında reallaşdırıldığı halda, bərpa olunan enerji layihələri tamamilə Azərbaycanın milli qanunvericiliyi çərçivəsində idarə olunur. Bu yanaşma investorların ölkənin hüquqi və normativ bazasına olan inamını əks etdirir.
“2030-cu ilə qədər bərpa olunan enerji layihələrinin ümumi gücünün 6 giqavata, 2032-ci ilə qədər isə 8 giqavata çatacağını proqnozlaşdırırıq. Bu genişlənmə elektrik enerjisi profisiti yaradacaq və hazırda müxtəlif mərhələlərdə olan dörd interkonnektor vasitəsilə ixrac imkanları yaranacaq”, – deyə direktor bildirib.
O vurğulayıb ki, Azərbaycan günəş və külək enerjisi ilə yanaşı, digər bərpa olunan resursları da fəal şəkildə araşdırır. Xüsusilə hidrogen istehsalı istiqamətində ciddi işlər aparılır.
“Bərpa olunan enerji strategiyamız davamlı inkişaf, enerji təhlükəsizliyi və iqlim öhdəliklərinə sadiqliyimizi nümayiş etdirir. Zəngin milli potensialımızı iqtisadi artım, ekoloji dayanıqlıq və regional əməkdaşlıq üçün real fürsətlərə çeviririk”, – deyə Cavid Abdullayev əlavə edib.
Direktorun sözlərinə görə, Azərbaycanın bərpa olunan enerji sahəsindəki inkişafı üç mərhələli strateji plan əsasında həyata keçirilir. Hazırda 11 layihə üzrə torpaq ayrılması prosesi demək olar ki, tamamlanıb.
Birinci mərhələdə 2027-ci ilə qədər ümumi gücü 2 giqavata çatan günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Bu layihələr milli qanunvericiliyə uyğun olaraq tam şəbəkəyə inteqrasiya ediləcək və alıcı kimi ötürmə sistemi operatoru çıxış edəcək. Proqnozlaşdırılan ümumi investisiya həcmi təxminən 2 milyard ABŞ dolları təşkil edir.
Bu mərhələnin tamamlanması ilə bərpa olunan enerjinin ümumi quraşdırılmış gücdəki payı 33,7%-ə çatacaq, illik istehsal həcmi isə təxminən 5 milyard kVt/saat olacaq. Nəticədə ildə 1,1 milyard kubmetrdən çox təbii qaza qənaət ediləcək və karbon emissiyaları 2,4 milyon ton azalacaq.
Hazırda planlaşdırılan layihələr üzrə torpaq ayrılması tamamlanıb, müqavilələr imzalanıb. Eyni zamanda şəbəkənin gücləndirilməsi tədbirləri, o cümlədən 250 MVt gücündə və 500 MVt/saat saxlama tutumlu enerji saxlama sistemi aktiv şəkildə icra olunur.
Bu proqnozlar Azərbaycanın “yaşıl enerji” ixracatçısı kimi mövqeyini möhkəmləndirməsi və regionda enerji keçidinin liderlərindən birinə çevrilməsi istiqamətində atılan sistemli addımları əks etdirir.