Azərbaycanın energetika naziri Pərviz Şahbazov İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi ilə görüş keçirib.
Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişaf perspektivləri ətraflı müzakirə olunub. Xüsusilə enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələrinin istifadəsi, dayanıqlı inkişaf və enerji sektorunda biznes və investisiya imkanlarının təşviqi istiqamətləri diqqət mərkəzində olub.
Görüşdə Azərbaycandan İndoneziyaya xam neft tədarükünün davam etdirilməsi, neft-qaz sektorunda birgə kəşfiyyat və hasilat layihələrinin həyata keçirilməsi, habelə SOCAR və İndoneziyanın dövlət neft şirkəti “Pertamina” arasında neft məhsulları ticarəti və neft-qaz emalı sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.
Bundan əlavə, hər iki ölkənin zəngin bərpa olunan enerji potensialına malik olduğu vurğulanıb. Külək və günəş enerjisi layihələri, tullantıdan enerji istehsalı texnologiyaları, biokütlə əsaslı enerji həlləri və digər yaşıl enerji istiqamətlərində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.
Nazir Pərviz Şahbazov və səfir Berlian Helmi enerji sektorunda dövlət qurumları ilə yanaşı, özəl sektorun da aktiv iştirakının vacibliyini qeyd ediblər. Görüşdə Azərbaycan-İndoneziya enerji sahəsində İşçi Qrupunun yaxın vaxtlarda ilk iclasının keçirilməsi barədə razılıq əldə olunub.
Bu görüş Azərbaycanın Asiya-Sakit okean regionu ölkələri ilə enerji əməkdaşlığının coğrafiyasını genişləndirməsi və bərpa olunan enerji sahəsində beynəlxalq tərəfdaşlıq imkanlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
https://renewables.az/az/news/az-rbaycan-v-ndoneziya-b-rpa-olunan-enerji-sah-sind-m-kda-l-m-zakir-edib