Bakıda “Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin birinci inkişaf mərhələsinə dair Texniki-İqtisadi Əsaslandırma (TİƏ) sənədinin müzakirəsinə həsr olunmuş ilk seminar təşkil olunub.
Energetika Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycan, Qazaxıstan və Özbəkistandan yüksək səviyyəli dövlət nümayəndələri, ötürücü sistem operatorları, tənzimləyici qurumların rəsmiləri, Asiya İnkişaf Bankı (AİB), Asiya İnfrastruktur və İnvestisiya Bankı (AİİB) və digər maraqlı tərəflər iştirak ediblər.
Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov layihəni region üçün strateji əhəmiyyətə malik təşəbbüs kimi qiymətləndirərək, dəhlizin Xəzər və Qara dəniz hövzələrini birləşdirərək Mərkəzi Asiyanın təmiz bərpa olunan enerji resurslarını Avropa bazarlarına nəql etmək potensialına malik olduğunu vurğulayıb. O qeyd edib ki, hazırda layihəyə rəsmi qoşulmuş ölkələrlə yanaşı, digər regional dövlətlər də bu təşəbbüsə qoşulmağa ciddi maraq göstərirlər.
Qazaxıstanın energetika nazirinin müavini Sanjar Jarkeşov ölkəsinin zəngin enerji potensialını xatırladaraq, 2030-cu ilə qədər ümumi enerji istehsal gücünü 26 QVt-a çatdırmağı və bunun 30-35 faizini bərpa olunan enerji mənbələrinin təşkil etməsini hədəflədiklərini bildirib. O, Qazaxıstanın bu yaşıl enerji dəhlizi vasitəsilə təmiz enerjini Avropa bazarlarına ixrac etmək niyyətində olduğunu vurğulayıb.
“Özbəkistan Milli Elektrik Şəbəkəsi”nin idarə heyəti sədrinin müavini Feruz Kurbonov layihənin yüksək perspektivli olduğunu qeyd edərək, Özbəkistanın daxili enerji infrastrukturlarına böyük investisiyalar yatırdığını və 2030-cu ilə qədər regional şəbəkəyə qoşulmaqla Avropaya əlavə elektrik enerjisi ixrac etmək imkanına malik olacağını diqqətə çatdırıb.
Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Sunniya Durani Camal layihənin regionda enerji bağlantılarının möhkəmlənməsinə və iqtisadi inteqrasiyaya mühüm töhfə verəcəyini bildirib.
Seminarda “CESI S.p.A.” şirkəti tərəfindən TİƏ-nin ilkin texniki-iqtisadi təqdimatı edilib. Təqdimatda birinci mərhələ üzrə əldə olunmuş müsbət nəticələr, analitik çərçivə və növbəti mərhələlər barədə ətraflı məlumat verilib.
Tədbirin sonunda iştirakçılar birinci mərhələ üzrə TİƏ hesabatının tamamlanması, II mərhələyə hazırlıq, əsas texniki fərziyyələr, məlumat tələbləri və gələcək addımlar barədə razılığa gəliblər.
Qeyd edək ki, “Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırması Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) ilə birgə tərəfdaşlıq çərçivəsində aparılır və 2025-ci ilin aprel ayında imzalanmış Anlaşma Memorandumu ilə dəstəklənir.
Bu layihə Mərkəzi Asiyanın zəngin bərpa olunan enerji potensialının Avropaya ixracını təmin etməklə regionun enerji təhlükəsizliyini gücləndirmək və yaşıl enerji keçidini sürətləndirmək məqsədi daşıyır.
https://renewables.az/az/news/m-rk-zi-asiya-az-rbaycan-ya-l-enerji-d-hlizinin-birinci-m-rh-l-si-zr-texniki-qtisadi-sasland-rma-s-n-din-dair-ilkin-seminar-ke-irilib