2025-ci ildən etibarən Azərbaycan Əmək Məcəlləsində edilən dəyişikliklər məzuniyyət ödənişlərinin hesablanma mexanizmini əhəmiyyətli dərəcədə dəyişdirib. Əsas yenilik ondan ibarətdir ki, məzuniyyət haqqı işçinin son əməkhaqqından aşağı ola bilməz.
Əmək Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, işçiyə məzuniyyət müddəti üçün orta əməkhaqqı ödənilir. Əvvəlki qaydalara görə orta əməkhaqqı son 12 ayın ümumi məbləğinin iş günlərinin sayına bölünməsi yolu ilə hesablanır və alınan rəqəm məzuniyyət günlərinin sayına vurulurdu. Yeni qaydaya əsasən isə bu məbləğ işçinin son aldığı əməkhaqqından az olarsa, məzuniyyət haqqı son əməkhaqqı məbləğində ödəniləcək.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədri Fərman Zeynalov məsələ ilə bağlı açıqlamasında bildirib: “Yeni dəyişikliklə məzuniyyət ödənişi işçinin son əməkhaqqından aşağı ola bilməz. İşçi məzuniyyətdə olarkən onun vəzifə maaşı, peşə əməkhaqqı və minimum əməkhaqqı səviyyəsindən aşağı olmayan məbləğ saxlanılır. Bu, daha ədalətli yanaşmadır.”
Əmək Məcəlləsinin 140-cı maddəsinin 5-ci bəndinə görə, məzuniyyət haqqı məzuniyyətin başlamasına ən gec 3 gün qalmış ödənilməlidir. Həmçinin 111-ci maddənin tələbinə uyğun olaraq hesablamalar aylıq deyil, gündəlik əsasda aparılmalıdır.
Qeyd edək ki, iş yerinin bağlanması və ya digər səbəblərdən məzuniyyət haqqının ödənilməməsi işəgötürəni məsuliyyətdən azad etmir. Bu dəyişiklik işçilərin sosial hüquqlarının daha yaxşı qorunmasına və məzuniyyət ödənişlərinin ədalətli aparılmasına yönəlib.
https://oxu24.com/az/cemiyyet/154229/bu-ilden-mezuniyyet-haqqi-bele-hesablanacaq