Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının nazirlərin 4-cü iclası ərəfəsində energetika naziri Pərviz Şahbazov Moldovanın energetika naziri Dorin Junqetu ilə ikitərəfli görüş keçirib.
Energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, görüşdə bərpa olunan enerji sahəsində yeni əməkdaşlıq imkanları ətraflı müzakirə olunub.
Tərəflər xüsusilə Moldovada külək elektrik stansiyalarının və enerji saxlama sistemlərinin (batareya tipli saxlama obyektləri) tikintisi üçün keçiriləcək tender prosesində Azərbaycan şirkətlərinin iştirakı və birgə layihələrin həyata keçirilməsi perspektivlərini dəyərləndiriblər.
Görüş hər iki ölkənin bərpa olunan enerji potensialının inkişafı, enerji təhlükəsizliyinin gücləndirilməsi və yaşıl enerjiyə keçid prosesində qarşılıqlı dəstəyin vacibliyini bir daha təsdiqləyib. Bu əməkdaşlıq Moldovanın enerji şaxələndirmə strategiyası və Azərbaycanın regionda “yaşıl enerji” ixracatçısı kimi mövqeyinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.