XƏBƏRLƏR

“Biləsuvar” Günəş Elektrik Stansiyasının tikinti sahəsində yüksək səviyyəli baxış keçirilib

MART 02, 2026

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil əl-Ramahinin rəhbərlik etdiyi nümayəndə heyəti Biləsuvar rayonunda 445 MVt gücündə inşa olunan “Biləsuvar” Günəş Elektrik Stansiyasının (GES) tikinti sahəsinə səfər edib.

Səfərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev və SOCAR nümayəndələri iştirak ediblər.

“Masdar” şirkətindən verilən məlumata görə, nümayəndə heyəti layihənin cari vəziyyəti ilə yerində tanış olub, görülmüş işlər barədə ətraflı məlumat alıb. Bildirilib ki, 2025-ci ilin oktyabr ayında ilk günəş panelinin quraşdırılmasından sonra tikinti prosesində əhəmiyyətli irəliləyişlər əldə olunub. Səfər zamanı tikinti sahəsində aparılan işlər nəzərdən keçirilib və layihənin növbəti mərhələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Biləsuvar” Günəş Elektrik Stansiyası tam istismara verildikdən sonra təxminən 75 min ev təsərrüfatını təmiz və dayanıqlı elektrik enerjisi ilə təmin edəcək. Layihə həmçinin ildə 427 min tondan artıq karbon qazı (CO₂) emissiyasının qarşısını almaqla Azərbaycanın iqlim öhdəliklərinə və bərpa olunan enerji hədəflərinə ciddi töhfə verəcək.

Bu səfər Azərbaycanın günəş enerjisi potensialının reallaşdırılması və beynəlxalq investorlarla əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

https://renewables.az/az/news/bil-suvar-g-n-elektrik-stansiyas-n-n-tikinti-sah-sin-bax-ke-irib