Trans-Adriatik Boru Kəməri (TAP) operatoru TAP AG magistral boru kəmərinin kompressor stansiyalarını elektrik enerjisi ilə işləyən avadanlıqlarla əvəzləmək imkanlarını araşdırır.
Bu barədə “Report”a verdiyi müsahibədə TAP AG-nin idarəedici direktoru Luka Skyeppati (Luca Schieppati) məlumat verib.
Onun sözlərinə görə, bu istiqamətdə aparılmış təhlillər həm mövcud obyektlərdə, həm də boru kəmərinin marşrutu boyunca planlaşdırılan yeni kompressor stansiyalarında elektrik mühərriklərinin quraşdırılmasını nəzərdə tutur.
L. Skyeppati qeyd edib ki, TAP AG son illərdə infrastrukturun elektrifikasiyası, hidrogen və biometan nəqlinə uyğunlaşdırılması, habelə metan sızmalarının qarşısının alınması üzrə genişmiqyaslı işlər görüb. Xüsusilə Metan Emissiyalarının Azaldılması Planı çərçivəsində gücləndirilmiş monitorinq və sızma aşkarlama sistemləri tətbiq olunub.
“Bu proses elektrik şəbəkəsinə qoşulma nöqtələrinin müəyyənləşdirilməsini, enerji təchizatının etibarlılığını, aşağı karbonlu elektrik enerjisinin mövcudluğunu və əməliyyat ehtiyaclarının qarşılanmasını əhatə edir. Eyni zamanda, boru kəmərinin bütün obyektlərində istixana qazları ilə bağlı məlumatların toplanması və hesabatlılığı üçün müasir alətlər və sistemlər quraşdırılıb”, – deyə direktor bildirib.
Luka Skyeppati vurğulayıb ki, 2025-ci ilin sonuna qədər TAP-ın istixana qazları emissiyalarının ümumi həcmi ilkin proqnozlara nisbətən 25 %-dən çox, metan emissiyaları isə 50 %-dən artıq azaldılıb.
“Ən diqqətçəkən nailiyyət qeyri-mütəşəkkil emissiyaların baza səviyyəsinə nisbətən 85 %-dən çox, bəzi daxili hesablamalara görə isə 90 %-ə yaxın azaldılmasıdır. TAP-ın fəaliyyətində CO2 emissiyalarının 95 %-dən çoxu məhz qaz-kompressor avadanlıqlarının işindən qaynaqlanır”, – deyə o əlavə edib.
Müsahibənin tam mətni ilə tanış olmaq üçün [müvafiq linkə] müraciət etmək mümkündür.
Bu nailiyyətlər TAP-ın Avropanın enerji təhlükəsizliyinə töhfə verən infrastruktur kimi eyni zamanda ən yüksək ekoloji standartlara uyğun fəaliyyət göstərmək öhdəliyini bir daha təsdiqləyir.