“Black Sea Submarine Cable” (BSSC) – “Xəzər-Qara dəniz-Avropa” enerji dəhlizi layihəsi çərçivəsində Qara dənizin dəniz dibinin geoloji və geofiziki tədqiqatları iki mərhələdə həyata keçiriləcək.
“Lamnidis Law” şirkətinə istinadən verilən məlumata görə, birinci mərhələ Gürcüstan və Rumıniyanın ərazi suları ilə xüsusi iqtisadi zonalarını, ikinci mərhələ isə Bolqarıstan və Türkiyənin xüsusi iqtisadi zonalarını əhatə edəcək.
Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Enerji şəbəkələrinin qarşılıqlı əlaqəsi və bərpa olunan enerjinin inkişafı vasitəsilə enerji təhlükəsizliyinin gücləndirilməsi” proqramı çərçivəsində BSSC layihəsinin növbəti mərhələsi üçün İtaliyanın tanınmış konsaltinq şirkəti “CESI SpA” ilə yeni üçillik müqavilə qüvvəyə minib.
Müqaviləyə əsasən, “CESI SpA” dəniz dibi tədqiqatlarının layihələndirilməsi, tender prosedurlarının təşkili, satınalma prosesinin idarə edilməsi və işlərə nəzarət funksiyalarını həyata keçirəcək. Bu mərhələ Qara dəniz regionunda transsərhəd elektrik enerji sistemlərinin birləşdirilməsi istiqamətində əsaslı addım kimi qiymətləndirilir.
Xatırladaq ki, “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi layihəsi üzrə birgə müəssisənin yaradılması məqsədilə 2023-cü il iyulun 25-də Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan arasında Anlaşma Memorandumu imzalanıb.
Layihə Qara dənizdən keçən sualtı elektrik kabeli vasitəsilə Gürcüstanı Rumıniya ilə birbaşa birləşdirəcək və Cənubi Qafqaz regionu ilə Cənub-Şərqi Avropanın enerji sistemlərini inteqrasiya edəcək ən irimiqyaslı infrastruktur təşəbbüslərindən biridir.
Sualtı kabelin ümumi uzunluğu 1 155 km-dən çox olacaq (bundan 1 115 km-i dəniz dibində, 40 km-i quruda), gərginlik səviyyəsi 525 kV, ötürücülük gücü isə 1 300 MVt təşkil edəcək. Kabelin tikintisinin 2032-ci ildə tamamlanması nəzərdə tutulur.
Bu layihə Azərbaycanın bərpa olunan enerji potensialının (xüsusilə Xəzər dənizindəki külək və günəş enerjisi layihələrinin) Avropa bazarlarına ixracını təmin etməklə regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə və yaşıl enerji keçidinə mühüm töhfə verəcək.
https://report.az/energetika/xezer-qara-deniz-avropa-enerji-dehlizi-ucun-deniz-dibinin-tedqiqatlari-iki-merhelede-aparilacaq