Slovakiyanın qaz sənayesi üzrə mütəxəssisləri Cənub Qaz Dəhlizi (SGC) və “yaşıl enerji” mövzularına həsr olunmuş yüksək səviyyəli toplantılarda iştirak etmək üçün Bakıya səfər edəcəklər.
Bu barədə “Report”a Slovakiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Nümayəndə heyətinə Slovakiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımov da qoşulacaq. Səfər mart ayının ilk günlərində Bakıda keçiriləcək əsas tədbirlərlə əlaqədardır.
Xatırladaq ki, həmin günlərdə paytaxtda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlər səviyyəsində 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının nazirlər səviyyəsində 4-cü toplantısı təşkil olunacaq.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlər formatında görüşləri 2015-ci ilin fevralından, Yaşıl Enerji Məşvərət Şurasının iclasları isə 2023-cü ilin fevralından bəri müntəzəm olaraq keçirilir.
Cənub Qaz Dəhlizinin əsas vəzifəsi Xəzər hövzəsində hasil edilən təbii qazın Avropa bazarlarına etibarlı şəkildə çatdırılmasıdır. Avropada Azərbaycan qazına tələbatın artması nəzərə alınaraq, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) kimi infrastrukturların ötürücülük qabiliyyətinin genişləndirilməsi ilə layihənin potensialının daha da artırılması prioritet istiqamətlərdən biridir.
Slovakiyanın bu tədbirlərdə iştirakı Azərbaycanın Avropa İttifaqı ölkələri ilə enerji əməkdaşlığının coğrafiyasının genişlənməsi və Mərkəzi Avropa regionunda qaz təchizatı marşrutlarının şaxələndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.
https://report.az/energetika/slovakiyanin-qaz-senayesi-numayendeleri-bakida-sgc-uzre-iclasda-istirak-edecekler