XƏBƏRLƏR

Azərbaycan və Ukrayna energetika sahəsində əməkdaşlığı gücləndirmək barədə müzakirələr aparıb

FEVRAL 26, 2026

Azərbaycan və Ukrayna arasında energetika sahəsində ikitərəfli əməkdaşlıq məsələləri yenidən gündəmə gəlib.

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyev “X” sosial şəbəkə hesabında paylaşım edərək bu barədə məlumat verib.

Səfirin sözlərinə görə, Azərbaycanın energetika naziri Pərviz Şahbazov Ukraynanın energetika naziri German Qaluşçenko ilə onlayn formatda görüş keçirib. Görüşdə energetika sahəsində əməkdaşlığın inkişaf perspektivləri ilə yanaşı, Azərbaycanın Ukraynanın enerji təhlükəsizliyinin və dayanıqlılığının gücləndirilməsinə verdiyi dəstək məsələləri də ətraflı müzakirə olunub.

Seymur Mərdəliyev həmçinin qeyd edib ki, nazirlərin görüşündən sonra o, şəxsən Ukrayna energetika naziri German Qaluşçenko ilə ikitərəfli enerji əməkdaşlığını daha da dərinləşdirmək və konkret istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək barədə fikir mübadiləsi aparıb.

Bu görüş Azərbaycanın Ukraynanın enerji sektoruna dəstəyini davam etdirməsi və iki ölkə arasında strateji tərəfdaşlığın enerji sahəsində yeni mərhələyə keçid etməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

https://report.az/energetika/azerbaycanla-ukrayna-arasinda-energetika-sahesinde-emekdasliq-muzakire-edilib