Avropa Komissiyasının energetika məsələləri üzrə komissarı Dan Yorgensen Cənub Qaz Dəhlizi (SGC) və “yaşıl enerji” mövzularına həsr olunmuş yüksək səviyyəli iclaslarda iştirak etmək üçün Bakıya səfər edəcək.
Bu barədə “Report”un Avropa bürosuna Avropa Komissiyasının rəsmi nümayəndəliyindən məlumat verilib.
Səfər çərçivəsində Dan Yorgensenin bir sıra ikitərəfli görüşlər keçirməsi, həmçinin toplantıların yekunlarına dair mətbuat konfransında iştirak etməsi planlaşdırılır.
Xatırladaq ki, mart ayının ilk günlərində Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlər səviyyəsində 12-ci toplantısı və Yaşıl Enerji Məşvərət Şurasının nazirlər səviyyəsində 4-cü iclası keçiriləcək.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlər formatında görüşləri 2015-ci ilin fevralından, Yaşıl Enerji Məşvərət Şurasının iclasları isə 2023-cü ilin fevralından etibarən müntəzəm olaraq təşkil olunur.
Cənub Qaz Dəhlizinin əsas məqsədi Xəzər hövzəsində hasil edilən təbii qazın Avropa bazarlarına etibarlı və dayanıqlı şəkildə çatdırılmasıdır. Avropada Azərbaycan qazına tələbatın artması fonunda Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) kimi infrastrukturların ötürücülük qabiliyyətinin genişləndirilməsi ilə layihənin potensialının daha da artırılması prioritet istiqamətlərdən biridir.
Dan Yorgensenin Bakı səfəri Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi, qaz təchizatının şaxələndirilməsi və yaşıl enerjiyə keçid sahəsində əməkdaşlığın daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
https://report.az/xarici-siyaset/dan-yorgensen-bakida-sgc-ve-yasil-enerji-uzre-iclaslarda-ai-ni-temsil-edecek-ekskluziv