Energetika Nazirliyində Azərbaycanın “yaşıl enerji” strategiyasının mühüm mərhələlərindən biri kimi Naxçıvan Muxtar Respublikasında iki yeni günəş elektrik stansiyasının tikintisi üzrə investisiya və enerji alqı-satqı müqavilələri imzalanaraq rəsmiləşdirilib.
Trend-in məlumatına görə, tədbirdə energetika naziri Pərviz Şahbazov, “Azərenerji” ASC-nin rəhbərliyi, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Azerbaijan Green Energy Company” (AGEC), “CEI Naxçıvan” MMC, “Nobel Energy” və “Enerso” MMC-nin nümayəndələri iştirak ediblər.
Görüşdə Naxçıvanın Prezident İlham Əliyevin “yaşıl enerji zonası” konsepsiyasına uyğun olaraq inkişaf etdirildiyi, bərpa olunan enerji mənbələrinin geniş tətbiqi, müasir şəbəkə infrastrukturunun qurulması və enerji sisteminin möhkəmləndirilməsi istiqamətində aparılan işlər müzakirə olunub. Zəngəzur dəhlizinin enerji komponenti, Naxçıvanın Azərbaycanın vahid enerji sisteminə inteqrasiyası və gələcəkdə elektrik enerjisinin ixrac perspektivləri də diqqət mərkəzində olub.
Naxçıvanda ümumi gücü 50 MVt olan iki günəş elektrik stansiyasının (“Şəms 1” və “Qərbi Üfüq”) tikintisi özəl sektorun ilk iri investisiya layihələri kimi qiymətləndirilib. Ümumi investisiya həcmi 60 milyon manatdan çox olan bu stansiyalar Naxçıvanın “yaşıl inkişaf” modelinin formalaşmasına əhəmiyyətli töhfə verəcək.
Energetika naziri Pərviz Şahbazov çıxışında bildirib: “Naxçıvanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafının sürətləndirilməsi və regional enerji ixrac mərkəzinə çevrilməsi dövlət başçısının prioritetlərindəndir. Hazırda Naxçıvanda bərpa olunan enerji mənbələrinin payı quraşdırılmış gücdə 44%, istehsalda isə 36,4% təşkil edir. Yeni layihələr bölgədə “yaşıl enerji”nin daha da genişlənməsinə və iqtisadi artıma təkan verəcək”.
“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev yay aylarında artan enerji tələbatının qarşılanması və Naxçıvanın enerji təchizatının dayanıqlılığının gücləndirilməsi baxımından günəş stansiyalarının strateji əhəmiyyətini vurğulayıb.
Naxçıvan MR-nın iqtisadiyyat naziri Kazım Hüseynəliyev Muxtar Respublikanın zəngin günəş potensialının reallaşdırılması və yeni güclərin iqtisadi inkişafa, gələcəkdə qonşu ölkələrə və Avropaya enerji ixracına verəcəyi töhfəni yüksək qiymətləndirib.
AGEC-in İdarə Heyətinin sədr müavini Xəyalə Nağıyeva layihələrin dövlət-özəl sektor əməkdaşlığının uğurlu nümunəsi olduğunu qeyd edərək, onların regionda yaşıl investisiyaların artmasına və uzunmüddətli iqtisadi dəyər yaradılmasına xidmət edəcəyini bildirib.
“Nobel Energy” şirkətinin baş kommersiya direktoru Eldar Məmmədzadə isə “Yaşıl Enerji Zonası” təşəbbüsünün dəstəklənməsi və müasir enerji infrastrukturunun qurulması istiqamətində şirkətin fəaliyyətini davam etdirəcəklərini vurğulayıb.
İmzalanan müqavilələrə əsasən, “CEI Nakhchivan” MMC ilə 25 MVt gücündə “Şəms 1” Günəş Elektrik Stansiyası, və “Enerso” MMC ilə 25 MVt gücündə “Qərbi Üfüq” Günəş Elektrik Stansiyası, layihələri üzrə investisiya, enerji alqı-satqı və şəbəkəyə qoşulma müqavilələri bağlanıb.
Layihələrin reallaşması nəticəsində illik 122 milyon kVt·st elektrik enerjisi istehsalı proqnozlaşdırılır ki, bu da 26 milyon kubmetr qaza qənaət və 57 min ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.
Qeyd edək ki, 2025-ci ilin operativ məlumatlarına görə, Azərbaycanda elektrik enerjisi istehsalı 0,9% artaraq 28,657 milyard kVt·st təşkil edib. Külək və günəş stansiyalarında istehsal 162,3 milyon kVt·st artaraq 769,5 milyon kVt·st-ə çatıb. Naxçıvanda isə istehsal olunan elektrik enerjisinin 36,6%-i bərpa olunan mənbələrin payına düşür.
Respublika üzrə 2032-ci ilə qədər günəş və külək enerjisi üzrə ümumi quraşdırılmış gücün 8 GVt-a çatdırılması hədəflənir. Yeni layihələr bu məqsədə çatmaq üçün mühüm addım kimi qiymətləndirilir.
https://az.trend.az/business/energy/4156492.html