Energetika Nazirliyində Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Komissiyanın növbəti iclası baş tutub.
Nazirlikdən verilən məlumata görə, iclası energetika nazirinin müavini Elnur Soltanov açaraq, son illər bərpa olunan enerji sektorunda əldə olunan uğurları diqqətə çatdırıb. O, “yaşıl enerji”nin ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, ixrac potensialının artırılması və iqtisadi diversifikasiya baxımından strateji əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bu sahədə özəl investisiyaların cəlb edilməsi, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi nəticəsində bir sıra irimiqyaslı layihələr uğurla icra olunub.
Komissiyanın Katibliyi tərəfindən 2025-ci il ərzində görülmüş işlər və qarşıdakı planlar barədə ətraflı təqdimat edilib. Xüsusilə istismara verilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası və 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının ölkənin enerji balansında bərpa olunan mənbələrin payını əhəmiyyətli dərəcədə artırdığı qeyd olunub.
İclasda “yaşıl enerji” dəhlizləri və “yaşıl enerji” zonalarının yaradılması istiqamətində aparılan işlər, cari vəziyyət və gələcək perspektivlər müzakirə edilib. Vurğulanıb ki, bu layihələr ölkəyə əlavə investisiya axınının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və regionların dayanıqlı inkişafına mühüm töhfə verir.
“Azərenerji” ASC-nin İdarə Heyətinin sədr müavini Rüstəm Qasımov bərpa olunan enerji stansiyalarının milli şəbəkəyə qoşulması prosesinin cari vəziyyəti haqqında məlumat verib. O, şəbəkə infrastrukturunun gücləndirilməsi və inteqrasiya tədbirləri barədə ətraflı danışıb.
İclasın sonunda növbəti mərhələyə qədər görülməli işlər və tapşırıqlar üzrə müvafiq qərarlar qəbul edilib.
Tədbirdə Energetika, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Müdafiə, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC, Mərkəzi Bank, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi və Minatəmizləmə Agentliyinin nümayəndələri iştirak ediblər.
Komissiyanın bu iclası Azərbaycanın yaşıl enerji strategiyasının sistemli şəkildə həyata keçirilməsi və beynəlxalq standartlara uyğun inkişafı istiqamətində atılan ardıcıl addımlardan biri kimi qiymətləndirilir.
https://renewables.az/az/news/b-rpa-olunan-enerji-m-nb-l-rind-n-istifad-sah-sind-layih-l-rin-h-yata-ke-irilm-si-zr-komissiyan-n-n-vb-ti-iclas-ke-irilib