XƏBƏRLƏR

BOEMDA rəhbərinin müavini İstanbulda “Dayanıqlılıq və Maliyyə Forumu”nda Azərbaycanın yaşıl enerji keçidini təqdim edib

FEVRAL 19, 2026

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova Türkiyənin İstanbul şəhərində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti tərəfindən təşkil olunan “Dayanıqlılıq və Maliyyə Forumu”nda iştirak edib.

BOEMDA-dan verilən məlumata görə, Rəna Hümbətova “Dayanıqlı maliyyə və enerji sahəsində regional trendlər və inkişaflar” mövzusunda keçirilən panel sessiyasında çıxış edərək, Azərbaycanın bərpa olunan enerji sektoruna keçid prosesində qarşılaşdığı əsas problemlər və nailiyyətlər haqqında danışıb.

O qeyd edib ki, 2021-ci ildə qəbul edilmiş normativ sənədlərdən sonra sektor sürətlə inkişaf edir və 2027-ci ilə qədər təxminən 2 GVt yeni bərpa olunan enerji gücünün milli enerji sisteminə inteqrasiyası proqnozlaşdırılır. Bununla yanaşı, şəbəkənin möhkəmləndirilməsi, enerji saxlama sistemlərinin qurulması və dəyişkən bərpa olunan mənbələrin (günəş və külək) təhlükəsiz inteqrasiyası əsas prioritetlər sırasındadır.

Rəna Hümbətova regionlararası ötürmə imkanlarının məhdudluğu və beynəlxalq bazarlara çıxışın çətinliyini də mühüm çağırışlar kimi vurğulayıb. Bu problemlərin həlli üçün Azərbaycan regional tərəfdaşlarla birlikdə “yaşıl enerji dəhlizləri” layihələrini fəal şəkildə irəli aparır. Bu təşəbbüslərin həm regional enerji təhlükəsizliyini gücləndirəcəyi, həm də ixrac potensialını əhəmiyyətli dərəcədə artıracağı gözlənilir.

Çıxışda insan kapitalı məsələsinə də xüsusi diqqət yetirilib. Direktor müavini ixtisaslı kadr çatışmazlığının enerji keçidinin tempinə mənfi təsir etdiyini bildirərək, beynəlxalq əməkdaşlığın yalnız maliyyə dəstəyi ilə məhdudlaşmamalı olduğunu qeyd edib. Texnologiya transferi, peşəkar təlim proqramları və innovasiya mərkəzlərinin yaradılması bu sahədə ən vacib istiqamətlərdəndir.

Rəna Hümbətova Azərbaycanın günəş, külək (xüsusilə dəniz küləyi), hidrogen və geotermal enerji sahələrində böyük potensiala malik olduğunu vurğulayıb. O, ölkənin uzun illər ərzində qazandığı neft-qaz təcrübəsinin yeni yaşıl enerji layihələrinə uğurla inteqrasiya oluna biləcəyini və bu sinerjinin sektorun inkişafını daha da sürətləndirəcəyini bildirib.

Forumda çıxış Azərbaycanın yaşıl enerji strategiyasının beynəlxalq səviyyədə təqdimatı və regional əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

https://renewables.az/az/news/boemda-n-n-direktor-m-avini-dayan-ql-l-q-v-maliyy-forumu-nda-x-edib