Energetika naziri Pərviz Şahbazov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunu qəbul edib.
Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan və İran arasında enerji sektorunda əməkdaşlığın hazırkı vəziyyəti, həyata keçirilən birgə layihələr, onların icra prosesi və gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tərəflər qarşılıqlı maraq doğuran enerji layihələrinin daha səmərəli reallaşdırılması, mövcud əməkdaşlığın genişləndirilməsi və yeni imkanların araşdırılması məsələlərinə toxunublar.
Görüşdə vurğulanıb ki, yaxın günlərdə Bakıda keçiriləcək Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclası hazırkı layihələrin icrasını sürətləndirmək və yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edəcək.
Bu görüş iki qonşu ölkə arasında enerji sahəsində strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və regional enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılan ardıcıl addımlardan biri kimi qiymətləndirilir.
https://renewables.az/az/news/az-rbaycan-v-ran-enerji-sah-sind-m-kda-l-m-zakir-edib