Macarıstan Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və “yaşıl enerji” sektorunda birgə layihələrin həyata keçirilməsinə böyük maraq göstərir.
Energetika Nazirliyindən verilən məlumata görə, bu məsələ nazir Pərviz Şahbazov ilə Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma arasında keçirilən görüşdə müzakirə olunub.
Görüşdə qeyd edilib ki, Azərbaycan-Macarıstan əlaqələrinin inkişafında enerji sahəsi mühüm yer tutur. Azərbaycan Macarıstanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin diversifikasiyası strategiyasına əhəmiyyətli töhfə verir.
Tərəflər qaz təchizatı sahəsindəki əməkdaşlıqdan, habelə Macarıstanın “MOL Group” və “MVM” şirkətlərinin Azərbaycanın neft-qaz sektorunda uğurlu fəaliyyətindən məmnunluq duyduqlarını bildiriblər. Xüsusilə “MVM” şirkətinin “Şəfəq” günəş enerjisi stansiyası layihəsi üzrə birgə müəssisəyə qoşulması iki ölkə arasındakı tərəfdaşlığın yeni mərhələyə keçidinin bariz nümunəsi kimi dəyərləndirilib.
Söhbət zamanı “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin reallaşdırılması perspektivləri, eləcə də yaxın vaxtlarda Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının nazirlərin 4-cü iclası çərçivəsində potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüş iki ölkə arasında enerji sahəsində strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi və yaşıl enerji keçidi prosesində birgə addımların atılması baxımından mühüm əhəmiyyət kəsb edir.
https://report.az/energetika/macaristan-azerbaycanda-yasil-enerji-sahesine-maraq-gosterir