Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) tərəfindən “Azərbaycan üçün Dayanıqlı İnkişaf Məqsədi 7 (DİM 7) üzrə Yol Xəritəsi”nin işlənib hazırlanması məqsədilə məsləhətləşmə seminarı təşkil olunub.
BOEMDA-dan verilən məlumata görə, tədbiri energetika nazirinin müavini Orxan Zeynalov açaraq, DİM 7-nin Azərbaycanın enerji strategiyasındakı əsas yerini, bərpa olunan enerji potensialının inkişafı və qlobal enerji keçidi prosesində ölkənin atdığı addımları vurğulayıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi İqor Qarafuliç çıxışında DİM 7 Yol Xəritəsinin ölkənin dayanıqlı inkişaf hədəflərinə çatmaqda mühüm əhəmiyyət daşıyacağını qeyd edib və bu prosesdə beynəlxalq tərəfdaşlığın rolunu yüksək qiymətləndirib.
ESCAP-ın Enerji bölməsinin direktoru Honqpenq Liu “Milli Ekspert Enerji Planlaşdırma Aləti” (NEXSTEP) haqqında məlumat verərək, bu alətin uzunmüddətli enerji siyasətinin formalaşdırılmasında əhəmiyyətini və Azərbaycanla davam edən əməkdaşlığın perspektivlərini diqqətə çatdırıb.
BOEMDA-nın direktoru Cavid Abdullayev ölkənin bərpa olunan enerji sektorundakı prioritet istiqamətləri və DİM 7 Yol Xəritəsinin strateji əhəmiyyətini ətraflı şəkildə təqdim edib.
Seminar çərçivəsində ESCAP-ın Enerji bölməsinin nümayəndəsi Anis Zaman NEXSTEP alətinin imkanları və DİM 7 Yol Xəritəsinin hazırlanması prosesi üzrə əsas təqdimatla çıxış edib. O, həmçinin müxtəlif ssenarilər əsasında aparılmış modelləşdirmə nəticələrini və texniki detalları iştirakçıların diqqətinə çatdırıb.
BOEMDA-nın direktor müavini Rana Hümbətova isə Yol Xəritəsinin hazırlanması üçün toplanmış məlumat bazası, istifadə olunan informasiya mənbələri və təhlil metodologiyası barədə məruzə edib. Tədbirdə NEXSTEP onlayn platformasının canlı nümayişi keçirilib və iştirakçılara alətin praktiki tətbiqi nümayiş etdirilib.
Seminar Azərbaycanın 2030-cu ilə qədər dayanıqlı enerji hədəflərinə çatmaq, bərpa olunan enerji payını artırmaq və enerji təhlükəsizliyini gücləndirmək istiqamətində atdığı sistemli addımların beynəlxalq səviyyədə dəstəklənməsi baxımından əhəmiyyətli mərhələ kimi qiymətləndirilir.