XƏBƏRLƏR

“Yaşıl enerji məkanı” hədəfinin icrası ilə bağlı 2025-ci ilin nəticələri müzakirə olunub.

FEVRAL 09, 2026

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2025-ci il üzrə icrasına dair illik hesabat layihəsinin müzakirəsi məqsədilə “Yaşıl enerji məkanı” İşçi qrupunun növbəti hibrid iclası keçirilib. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

İclasa energetika nazirinin müavini Samir Vəliyev sədrlik edib. O, “Yaşıl enerji məkanı” məqsədinin Strategiyada mühüm yer tutduğunu, Azərbaycanın gələcək inkişaf modelinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Nazir müavini qeyd edib ki, bu sahədə həyata keçirilən tədbirlər ölkənin dayanıqlı, ekoloji cəhətdən təmiz və innovasiyalara əsaslanan enerji sisteminə keçidini sürətləndirəcək, eyni zamanda qlobal iqlim öhdəliklərinə də əhəmiyyətli töhfə verəcək.

Samir Vəliyev ötən il üçün nəzərdə tutulmuş 18 tədbirin icra vəziyyətini təqdim edərək, Strategiyanın ümumi həyata keçirilməsində müsbət irəliləyişlərin müşahidə olunduğunu bildirib.

Daha sonra İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn 2025-ci il üzrə planlaşdırılan tədbirlər və onların icra prosesinə dair təqdimatla çıxış edib. İclas iştirakçıları hesabat layihəsinə dair rəy və təkliflərini səsləndiriblər, müvafiq qeydlər aparılıb.

“Yaşıl enerji məkanı” İşçi qrupunda Energetika Nazirliyi və İİTKM ilə birlikdə İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, SOCAR, Mərkəzi Bank, Azərbaycan İnvestisiya Holdinqi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat” ASC-lərin nümayəndələri təmsil olunur.

Bu iclas Azərbaycanın yaşıl enerjiyə keçid strategiyasının effektiv idarə edilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.

https://renewables.az/az/news/ya-l-enerji-m-kan-m-qs-dinin-icras-zr-t-n-ilin-yekunlar-m-zakir-edilib